
Enerji təhlükəsizliyi və dayanıqlı inkişaf anlayışları XXI əsrin qlobal prioritetlərinə çevrildiyi bir dövrdə, Azərbaycan həm ənənəvi enerji resursları, həm də bərpaolunan enerji sahəsində irəli sürdüyü təşəbbüslərlə ön sıralarda yer almaqdadır. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında etdiyi çıxışlar bu baxımdan Azərbaycan dövlətinin enerji siyasətinin məntiqi davamı və strateji baxışının təzahürüdür.
Cənub Qaz Dəhlizi artıq bir layihədən çox, Avropa ilə Asiyanı birləşdirən enerji körpüsüdür. Prezidentin bu iclasda vurğuladığı kimi, bu təşəbbüs sadəcə iqtisadi deyil, həm də geosiyasi xarakter daşıyır. Azərbaycan qazının Avropa bazarına çıxarılması təkcə bir enerji resursunun hərəkəti deyil, həm də əməkdaşlıq, etimad və qarşılıqlı maraqlar əsasında qurulmuş bir strateji platformadır. Bu layihə Azərbaycanın enerji ixracatçısı olaraq beynəlxalq nüfuzunu möhkəmləndirməklə yanaşı, regionun enerji xəritəsindəki çəkisini də artırıb.
Digər tərəfdən, yaşıl enerji məsələsində Azərbaycanın ortaya qoyduğu mövqe bir daha sübut edir ki, ölkə yalnız indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də düşünülmüş bir enerji siyasəti yürüdür. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, Xəzər dənizi külək enerjisi potensialı baxımından əvəzolunmaz bir mənbədir və bu potensialın reallaşdırılması üçün artıq konkret addımlar atılır. Yaşıl enerji sahəsində beynəlxalq investorlarla əməkdaşlıq, texnologiya transferi və ixrac yönümlü layihələrin inkişaf etdirilməsi Azərbaycanın bu sahədə də regional liderliyə iddialı olduğunu göstərir.
Ən önəmlisi isə budur ki, Azərbaycan bu iki paralel xətti – qaz ixracı və yaşıl enerji quruculuğunu – bir-birinə ziddiyyətli deyil, tamamlayıcı proseslər kimi görür. Bu yanaşma enerji keçidinə dair balanslı, realist və praqmatik bir strategiyanın nümunəsidir. İlham Əliyevin “ədalətli enerji keçidi” ifadəsi, əslində, Azərbaycanın bu sahədəki fəlsəfəsini ifadə edir: nəinki sadəcə karbon emissiyalarının azaldılması, həm də inkişaf edən ölkələrin enerji suverenliyinin qorunması, iqtisadi təhlükəsizliyinin təmin edilməsi və sosial rifahının saxlanılması.
Bugünkü çağırışlar, istər iqlim dəyişikliyi, istər enerji daşıyıcılarının geosiyasi riskləri, istərsə də bazar dəyişiklikləri fonunda Azərbaycan Prezidentinin bu tədbirlər çərçivəsində etdiyi çıxışlar ölkənin strateji çevikliyini və gələcəyə yönəlmiş baxışını əyani şəkildə ortaya qoyur. Azərbaycan öz enerji siyasətində təkcə reaktiv deyil, həm də proaktiv yanaşma sərgiləyir – bu isə qlobal enerji arenasında etibarlı tərəfdaş obrazının əsas sütununu təşkil edir.
Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurası sadəcə bir platforma deyil, Azərbaycanın öz enerji siyasətini regional sərhədlərin hüdudlarından çıxarıb qlobal bir çağırışa çevirdiyinin simvoludur.
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi