
Ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata birgə bəyanatında dövlət başçısı İlham Əliyev bildirdi ki, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin prezident vəzifəsinə seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etməsini çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır.
Tarixi Zəfərimizin reallıqları digər sahələr kimi, xarici siyasət uğurlarımızda da özünün aydın ifadəsini tapır. Dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi, yeni prioritetlər üzrə inkişaf etdirilməsi diqqətdən kənarda qalmır. Azərbaycan qonşu ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan Azərbaycan-Gürcüstan əlaqələri başqa ölkələrə qonşuluq münasibətlərində nümunə göstərilir. Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri dərin köklərə söykənən tarixi ənənələr üzərində qurulub. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq əlaqələri müttəfiqlik səviyyəsinə yüksəlib. Tarixə nəzər salsaq dövlətlərimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu görərik. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub, qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri dinamik inkişaf edir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə çatmasında möhkəm təməl əhəmiyyətli rol oynayır. Bu məsələdə Ümummilli Lider Heydər Əliyevin və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin rolunu xüsusi qeyd etməliyik. Onlar arasında dostluq münasibətləri əlaqələrimizin yüksələn xətlə inkişafına stimul oldu.
Həmçinin, 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin strateji tərəfdaşlığının təməlini qoyan sənəddir. Bu günədək iki dost ölkə arasında onlarla sənəd imzalanıb. 1995-ci ildə Gürcüstanın Azərbaycanda, 1996-cı ildə isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb. Siyasi əlaqələrimiz də uğurla inkişaf edir.
Dövlətimizin başçısı İlham Əliyevin mətbuata bəyanatında onu da qeyd etdi ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri neft-qaz, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir. Bu layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan da daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Prezident İlham Əliyev bu reallığı da diqqətə çatdırdı ki, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır.
Ramil Mehdiyev,
Nizami Rayon Sosial-İctimai Maarifləndirmə İctimai Birliyinin İnnovativ ideyaların reallaşdırılması və kommunikasiya şöbəsinin müdiri