AnalitikaGündəmSiyasət

Ulu öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı siyasəti gələcək nəsillərin milli kimliklərinin formalaşmasına xidmət edirdi

“Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və mədəni irsinin qorunmasında mühüm mərhələdir. Bu istiqamətdə atılmış ən önəmli addımlardan biri məhz 27 aprel 1978-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsinin əlavə olunması olmuşdur. Bu, sadəcə hüquqi dəyişiklik deyil, milli ruhun və milli kimliyin qorunmasına yönəlmiş cəsarətli və strateji addım idi. Bu qərar müstəqillik dövründə milli dövlətçiliyimizin əsas sütunlarından birinə çevrildi. Dilin rəsmi status alması gələcəkdə Azərbaycanın suverenliyi və mədəni bütövlüyü üçün zəmin yaratdı”.

Bunu “Specialnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Ulu öndərimiz dəfələrlə vurğulayırdı ki, hər bir xalqın mənəvi dəyərlərini yaşadan onun dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də tarix, ədəbiyyat, musiqi və ümumilikdə mədəniyyətin daşıyıcısıdır. “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” – deyən Heydər Əliyev, bu sahədə təkcə siyasi qərarlarla kifayətlənmədi, həm də dilin inkişafı üçün geniş miqyaslı proqramların həyata keçirilməsinə nail oldu.1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da dövlət dili kimi Azərbaycan dilinin statusu qorundu. Bu, Heydər Əliyevin bu sahədəki ardıcıl siyasətinin davamı idi. O, dilimizin zənginliyini və ifadə imkanlarını yüksək dəyərləndirir, onu dünya azərbaycanlılarının birliyi və kimliyi üçün əsas amil kimi qiymətləndirirdi.

Onun sözlərinə görə, Ulu öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı siyasəti təkcə bir dövrün ehtiyaclarına deyil, eyni zamanda gələcək nəsillərin milli kimliklərinin formalaşmasına xidmət edirdi. Bu gün Azərbaycan dilinin dövlət dili kimi inkişafı, beynəlxalq miqyasda tanınması və qorunması məhz onun siyasi iradəsinin və milli düşüncəsinin nəticəsidir.

Oxşar Xəbərlər

Back to top button