GündəmAnalitikaSiyasət

Azərbaycan xalqının başlıca sərvəti onun ana dilidir

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan dilinə qayğı göstərilməsi ən ümdə məsələ olmuşdur. Hələ onun ilk rəhbərliyi dövründə Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilmiş dördüncü konstitusiyasında Azərbaycan dilinin dövlət dili hesab edilməsi maddəsi öz əksini tapmışdır. İttifaq dövlətləri içərisində öz ana dilinin dövlət dili səviyyəsində ali qanunda qeyd edilməsinə görə Azərbaycan Sovet Sosialist Respublikası üç dövlətdən biri çevrildi. Bu ümumilli liderimizin cəsarətli addımının nəticəsi idi, çünki bu addımın özü də azərbaycanlı ziyalıları çəkinmədən ana dilində yazıb-yaratmağa sövq etmiş, milli şüurun yenidən canlanmasına gətirib çıxarmışdı. Onun BDU-nun 50 illiyində Azərbaycan dilində çıxış etməsi ziyalılar başda olmaqla Azərbaycan xalqına nümunə olmuşdu.

SSRİ daxlində ittifaq dövləti kimi Azərbaycan SSR  təzyiqlər altında qalmışdı. 1969-1982-ci illərdə Ulu Öndərin rəhbərliyi zamanı qeyd olunmuş səylər nəticəsində milli şüurun inkişaf cığırında atılan addımlar, müstəqilliyi bərpa etdikdən sonra da müstəqil Azərbaycan Respublikasının daxili siyasəti üzrə davam etdirilmişdir.

1995-ci il Müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın hazırlanmasında məhz Azərbaycan dili üzrə maddənin qəbul edilməsində yazıçılar, tarixçilər kimi görkəmli elm xadimlərinin fikirləri dinlənilmiş və gərgin müzakirələr aparılmışdır. Elə bu müzakirələrdə həmçinin ümumilli lider Heydər Əliyev fəal iştirak edərək fikirlərini əsaslandırmışdı. Nəticə olaraq, dövlət dilinin türk dili yaxud Azərbaycan türkcəsi olaraq deyil, Azərbaycan dili olduğu barədə yekun qərar qəbul edilmişdir.

Ümumilli lider Heydər Əliyev deyirdi: “Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”. Dil yalnız insanlar arasında əlaqə vasitəsi deyil, insanların öz tarixi keçmişi ilə körpü yaratması üçün vasitədir. Azərbaycan dili  tarixi zənginliyinə görə unikal dildir. Tarix boyunca ana dilimiz farslaşdırma, ruslaşdırma kimi müstəmləkəçi siyasətinə məruz qalmışdır. Xarici dövlətlər təhsil və kargüzarlıq işlərinin müstəmləkəçi dilində aparması ilə xalqın dilini yox etmək istəmiş və özlərinə müti xalq hazırlamaq siyasəti yeritmişdi. Çar Rusiyasında açıq-aşkar həyata keçirilən  bu siyasət XIX əsrdən XX əsrə doğru istənilən nəticəni vermədi. Azərbaycanlılar rus dilində oxudu, öyrəndi, lakin paralel şəkildə öz ana dilini yaşadaraq və öz ana dilində yaşayaraq müstəqilliyin ilk illərinə qədər millət kimi varlığını qoruyub saxladı.

Bu gün qalib xalqın müzəffər ali baş komandanı İlham Əliyev ulu öndərin dövlət dili istiqamətindəki siyasətini davam etdirir, onun səyi nəticəsində müxtəlif və çoxşaxəli tədbirlər planı hazırlanır, tətbiq edilir. Müasir Azərbaycan gəncliyi şanslıdır ki, onlar öz tarixi irslərini yad bir dildən və onun müstəvisindən deyil, kimliyini öz dili-ana dili olan Azərbaycan dili ilə oxuyur və anlayır, yazır və yaradır. Yaşayış yerindən, başqa mədəniyyətlərlə tanışlığından, bir çox dillərin mənimsəməyindən asılı olmayaraq Azərbaycan xalqı öz dilini uca tutduqca hər zaman var olacaqdır.

Türkan İsmayılova,
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi 

Oxşar Xəbərlər

Back to top button