
7 may 2025-ci il tarixi Azərbaycan və Vyetnam arasında diplomatik əlaqələrin daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin gün Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə rəsmi səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə keçirilən görüş və ardınca mətbuata verilən bəyanat, iki ölkə arasında strateji əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərdi.
Bu səfər təkcə diplomatik ziyarət deyildi – həm də qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrin möhkəmləndirilməsinin, ortaq maraqlara və qlobal çağırışlara birlikdə cavab vermə əzminin təzahürü idi. Prezident İlham Əliyevin çıxışında vurğuladığı kimi, Azərbaycan və Vyetnam coğrafi baxımdan uzaqda yerləşsələr də, möhkəm siyasi iradə və qarşılıqlı dəstək sayəsində illər ərzində səmərəli əməkdaşlıq mühiti formalaşıb. Bu münasibətlər artıq sadəcə dostluq çərçivəsini aşaraq konkret iqtisadi və texnoloji layihələrə çevrilməkdədir.
To Lamın səfəri çərçivəsində əldə edilən razılaşmalar və ifadə olunan niyyətlər bir daha göstərdi ki, Bakı və Hanoy yalnız keçmişə əsaslanmır, eyni zamanda gələcəyə yönəlmiş ciddi planlar qurur. Ticarət dövriyyəsinin artırılması, enerji sahəsində birgə təşəbbüslər, təhsil və mədəniyyət mübadiləsi kimi sahələrdə əməkdaşlıq perspektivləri hər iki tərəf üçün önəm daşıyır.
Bu hadisə Azərbaycanın Asiya istiqamətində artan diplomatik fəallığının daha bir bariz nümunəsidir. Qlobal miqyasda dəyişən güc balansı fonunda, Azərbaycan kimi öz sözünü deyə bilən bir ölkənin Asiya ilə strateji münasibətlər qurması, ölkəmizin çoxşaxəli xarici siyasətinin uğurla davam etdiyini göstərir.
Beləliklə, To Lamın Bakıya səfəri sadəcə bir diplomatik jest deyil, həm də iki xalq arasında artan etimadın, gələcəyə yönəlik ortaq baxışın göstəricisi kimi tarixə yazıldı. Bu görüşün nəticələri qarşıdakı illərdə daha konkret nəticələrlə özünü göstərəcək və Azərbaycan–Vyetnam əlaqələrinin inkişafına mühüm töhfə verəcək
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi