
15 iyun 2021-ci il tarixi, Türk dünyasının tarixində əlamətdar bir gün kimi yadda qaldı. Bu tarixdə Azərbaycan və Türkiyə arasında münasibətlər yeni bir mərhələyə qədəm qoydu – Şuşa Bəyannaməsi imzalandı. 44 günlük Vətən müharibəsinin qələbəsi ilə nəticələnməsi Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə yanaşı, bölgədə yeni geosiyasi reallıqlar yaratdı. Bu zəfərin simvol şəhərlərindən biri olan Şuşa, 2021-ci ilin iyun ayında tarixi bir hadisəyə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun 2021-ci ildə Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərini rəsmi olaraq müttəfiqlik səviyyəsinə qaldırdı. Bu sənəd iki ölkə arasında hərbi, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da dərinləşməsini nəzərdə tutur. Bəyannamədə hərbi sahədə qarşılıqlı yardım məsələsi xüsusi əhəmiyyət daşıyır. Bu, tərəflərin biri təhlükə ilə üzləşərsə, digər tərəfin ona dəstək verəcəyini ifadə edir. Bu müddəa iki ölkə arasında real və praktiki təhlükəsizlik alyansı yaradır. Əvvəllər də Azərbaycan ilə Türkiyə arasında sıx strateji əməkdaşlıq mövcud olsa da, Şuşa Bəyannaməsi bu əlaqəni hüquqi baxımdan daha möhkəmləndirdi. Bəyannamə eyni zamanda türk dünyasının birliyini gücləndirmək və regionda sabitliyi təmin etmək baxımından da mühüm sənəddir. Bu sənədin Şuşada – Qarabağın mədəni beşiyində imzalanması isə simvolik məna daşıyır. Bu, həm Azərbaycanın ərazi bütövlüyünün dünyaya göstərilməsi, həm də Türkiyənin bu məsələdəki açıq və sarsılmaz dəstəyinin təsdiqi oldu. Şuşa Bəyannaməsi yalnız ikitərəfli deyil, regional və qlobal siyasət üçün də ciddi mesaj idi. Bu sənəd Cənubi Qafqazda yeni güc balansının formalaşmasına, region ölkələri arasında əməkdaşlığın inkişafına və Türk Dövlətləri Təşkilatı kimi platformaların möhkəmlənməsinə töhfə verdi. Şuşa Bəyannaməsi ilə Azərbaycan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Bu sənəd iki dövlətin tarix, mədəniyyət və mənəvi dəyərlər üzərində qurulmuş sarsılmaz qardaşlığının rəsmi təcəssümüdür. 15 iyun bundan sonra yalnız Milli Qurtuluş Günü kimi deyil, həm də Azərbaycan-Türkiyə müttəfiqliyinin rəmzi günü kimi tarixdə qalacaq.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası, məsləhətçi