AnalitikaGündəmSiyasət

Azərbaycan diplomatiyasının uzun, çətin, lakin şərəfli yolunun uğurla başa çatdığı və əsas məqsədlərinə çatdığı gün

Ermənistan-Azərbaycan münaqişəsinin həmişə zərərçəkəni Azərbaycan olmuşdur. Qərb ölkələri Azərbaycana əsasən müsəlman və türk kimliyi ilə yanaşır. Müsəlman-xristian qarşıdurması tarix boyu müxtəlif formalarda mövcud olsa da, mahiyyət etibarilə dəyişməz qalır və bu, gələcəkdə də davam edə bilər. ABŞ kimi böyük xristian dövlətinin olması erməni lobbisinin ABŞ siyasətinə təsir etməsində böyük üstünlük yaradıb.

SSRİ-nin dağılması sonrası Azərbaycan təbii olaraq ABŞ-ı özünün xilas yolu olaraq gördü, çünki ABŞ o dövrdə yeganə super güc idi. Rusiyanın müstəqilliyə qarşı təsirlərini neytrallaşdırmaq üçün bu münasibətlər həyati önəm daşıyırdı. Lakin Ermənistan-Azərbaycan münaqişəsi zamanı ABŞ Azərbaycana qarşı sanksiya tətbiq etdi. 907-ci düzəliş erməni lobbisinin təsiri ilə qəbul edildi və Azərbaycan üçün sanksiya kimi tətbiq olundu.

1994-cü ildə Ulu öndər Heydər Əliyev Azərbaycan diplomatiyasının təməlini qoydu və Əsrin müqaviləsini imzalayaraq ABŞ siyasətində dönüş yaratdı. Bu addım Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün həyati idi.

Erməni lobbisinin güclü təsirinə baxmayaraq, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası 2000-ci illərin əvvəlində ABŞ siyasətində neytral mövqe qazanmağı bacardı. Demokrat administrasiyalarının “kor siyasəti”ni nəzərə almasaq, münasibətlər əsasən qarşılıqlı maraqlara əsaslanıb.

2020-ci ildə Vətən müharibəsi zamanı Tramp administrasiyasının neytral mövqeyi Azərbaycan üçün başqa bir diplomatik zəfər oldu. Güclü erməni diasporunun bütün cəhdlərinə rəğmən, Zəfərdən sonra Azərbaycana qarşı heç bir sanksiya tətbiq edilmədi. Bu, İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi idi.

8 avqust Vaşinqton görüşündə əldə olunan razılaşmalar yalnız Ermənistanla məhdudlaşmırdı. Ermənistan artıq Azərbaycanın irəli sürdüyü prinsipləri qəbul etmişdi. Qarabağda məğlub olan qüvvələr içərisində Ermənistan ən zəif idi. Digər düşmənlər üzərindəki qələbəni rəsmiləşdirmək üçün bu görüş böyük əhəmiyyət daşıyırdı və mükəmməl təşkil olundu.

ABŞ prezidentinin verdiyi mesajlar bütün dünyaya Azərbaycanın bütöv və azad dövlət kimi müstəqilliyinin əbədiliyini elan etdi.

Beləliklə, 1994-cü ildə Heydər Əliyev Əsrin müqaviləsi ilə işğal altındakı Azərbaycanın müstəqilliyini qoruyub saxladı, 2025-ci ildə isə İlham Əliyev bütöv Azərbaycanın müstəqilliyini əbədiləşdirdi. Bu, müsəlman və türk dövlətləri arasında ən yüksək diplomatik nailiyyətdir.

Nəzrin Bayramova,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button