AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Vaşinqton səfəri: yeni mərhələnin başlanğıcı və tarixi nəticələr

Prezident İlham Əliyevin ABŞ-a rəsmi səfəri Azərbaycan diplomatiyası tarixində mühüm dönüş nöqtəsi kimi yadda qaldı. Bu səfər, ilk növbədə, Azərbaycan–ABŞ münasibətlərində yeni bir mərhələnin əsasını qoydu. ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişinin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması, iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması, SOCAR ilə ExxonMobil korporasiyası arasında əməkdaşlıq memorandumu imzalanması və ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə göstərdiyi xüsusi diqqət, əlaqələrin keyfiyyətcə daha yüksək səviyyəyə yüksəldiyini nümayiş etdirdi.

Səfərin əhəmiyyəti təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmadı. Vaşinqton görüşləri Cənubi Qafqazda sülh prosesinə yeni impuls verdi. Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilən sammit nəticəsində üçtərəfli Birgə Bəyannamə imzalandı, “Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflandı. Bundan əlavə, ATƏT-in Minsk Qrupu və əlaqədar strukturların fəaliyyətinin dayandırılması məqsədilə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanlandı.

Səfər çərçivəsində əldə olunan mühüm razılaşmalardan biri də regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı idi. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlı layihə vasitəsilə Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqə qurulması nəzərdə tutuldu. Bu təşəbbüs təkcə regional əməkdaşlığı gücləndirmir, həm də yeni geosiyasi reallıqlar yaradır.

Vaşinqton danışıqları nəticəsində yalnız Ermənistan–Azərbaycan münaqişəsinin həlli istiqamətində həlledici addımlar atılmadı, həm də qlobal miqyasda müharibələrin dayandırılması üçün nümunəvi bir platforma formalaşdırıldı. Cənubi Qafqazda qarşıdurmanın davam etməsində maraqlı olan qüvvələrin planları iflasa uğradı və bölgədə sabitlik üçün real zəmin yaradıldı.

Beləliklə, Prezident İlham Əliyevin Vaşinqton səfəri həm Azərbaycan–ABŞ münasibətlərində, həm də regional və qlobal sülh proseslərində tarixi bir mərhələ açdı.

Mehriban Nadirova,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button