
Bu günlərdə Azərbaycan tarixinin ən şanlı və şərəfli səhifələri yazılır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vaşinqtonda növbəti diplomatik qələbə qazanıldı.
Bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton zirvə görüşlərinin uğurla yekunlaşması, ölkəmizin böyük və tarixi diplomatik qələbəsi hamımızı ürəkdən sevindirdi.
Bu gün təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələr baxımından tarixi bir günə şahidlik edirik.
Müzəffər Ali Baş Komandan İlham Əliyev döyüş meydanında qazanılan zəfərləri Vaşinqtonda, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirdi.
Prezident İlham Əliyev Vaşinqtonda ABŞ səfərinin nəticələri ilə bağlı yerli mediaya verdiyi müsahibəsində keçirilən görüşləri yüksək dəyərləndirir, tarixi hadisə hesab edir:
“Bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib. Bu, həm Azərbaycan, həm Ermənistan, həm bütün bölgə üçün xüsusi əhəmiyyətə malik olan məsələdir.
Həm Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafında, həm Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin qəbul edilməsi, imzalanması və dünyanın ən qüdrətli dövləti olan Amerikanın Prezidentinin buna dəstəyi və şahidlik etməsi bir daha bu Bəyannamənin önəmini göstərir. Mən bu gün mətbuat konfransında da qeyd etdim, biz dünyanın bir nömrəli paytaxtında, dünyanın bir nömrəli ofisində, dünyanın ən qüdrətli Prezidentinin iştirakı ilə bunu etdik.”
Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir və qürur duyulası diplomatik uğurlardır.
Vaşinqtonda imzalanmış sənədlər Azərbaycanın diplomatik qələbəsini təsdiqləməklə yanaşı, ölkəmizin regional və qlobal səviyyədə artan rolunu bir daha nümayiş etdirir.
Bu diplomatik uğurları ilə Prezident İlham Əliyev sübut etdi ki, o, təkcə müharibənin qalibi deyil, həm də sülhün müəllifidir.
Azərbaycan Prezidentinin Vaşinqton səfəri və imzalanan sənədlər indiyə qədər ölkəmizə qarşı qarayaxma kampaniyası aparan lobbi qruplarını da alt-üst etdi.
Təsadüfi deyil ki, ABŞ-da erməni diasporu və lobbisi, başda ANCA olmaqla, “yasa boğulub”. Bu qruplar razılaşmaları pozmaq məqsədilə qarayaxma kampaniyasını davam etdirir, lakin artıq hər şey gecdir.
Azərbaycan lideri müharibədə qalib olduğu kimi, sülh masasında da qazandı. Eyni zamanda, ABŞ-Azərbaycan münasibətlərindəki problemlər aradan qaldırıldı.
İndi həm Bakı-Vaşinqton xəttində, həm də regionumuzda yeni reallıqlar yaranıb və lobbi qrupları bu reallıqla barışmağa məcburdurlar.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi