
1992-ci il 21 noyabr tarixi Azərbaycanın müasir siyasi həyatında mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Həmin gün keçirilən Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransı ölkənin siyasi sisteminə yeni bir dinamika gətirdi və dövlətçilik ideallarının qorunması istiqamətində ciddi addımların başlanğıcını qoydu. Bu hadisə, həmçinin, o dövrün mürəkkəb ictimai-siyasi proseslərinin fonunda xalqın sabitlik, inkişaf və dövlətçilik arzularının ifadəsi kimi çıxış edirdi. 1990-cı illərin əvvəlləri Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan çətin bir mərhələ idi. SSRİ-nin dağılmasından sonra ölkədə yaranan hakimiyyət boşluğu, Qarabağ müharibəsinin ağır nəticələri, sosial-iqtisadi böhran və daxili siyasi çəkişmələr xalqda dərin narazılıq yaratmışdı. Dövlətin idarə olunmasında səriştəsizlik, parçalanma meyillərinin güclənməsi, hərc-mərclik və xaos təhlükəsi Azərbaycanın gələcəyini ciddi sual altına alırdı. Belə bir şəraitdə sağlam düşüncəli ziyalılar, ölkənin gələcəyi ilə bağlı məsuliyyət hiss edən insanlar siyasi fəaliyyətə yeni bir yanaşma gətirməyin zəruriliyini dərk edirdilər. Məhz bu tarixi zərurətin nəticəsi olaraq 1992-ci ilin yazında tanınmış ziyalıların Azərbaycan xalqına müraciəti – məşhur “91-lərin müraciəti” meydana gəldi. Bu müraciət ümumxalq dəstəyi qazanaraq Heydər Əliyevin yenidən ölkənin siyasi həyatına qayıtması üçün çağırış rolunu oynadı. Bu təşəbbüsün davamı kimi ölkədə geniş ictimai dəstəyə malik yeni siyasi təşkilatın yaradılması ideyası aktuallaşdı. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Təsis konfransı çətin siyasi şəraitdə baş tutmasına baxmayaraq, geniş ictimai maraq doğurdu. Azərbaycanın müxtəlif bölgələrindən gələn nümayəndələr, tanınmış ziyalılar və ictimai-siyasi xadimlər bu yeni siyasi təşkilata olan ümid və etimadlarını ifadə etdilər. Konfransda partiyanın təsis edilməsi haqqında qərar qəbul edildi, onun nizamnamə və proqram sənədləri təsdiqləndi. YAP-ın əsas ideya xətti Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli birlik, demokratiyanın inkişafı və ölkənin qarşısında duran strateji vəzifələrin həlli kimi prinsiplərə əsaslanırdı. Təsis konfransının ən mühüm məqamlarından biri Heydər Əliyevin partiyaya sədr seçilməsi oldu. O dövrdə Naxçıvan Ali Məclisinin sədri kimi fəaliyyət göstərən Heydər Əliyev ölkənin ən nüfuzlu siyasi lideri hesab olunurdu. Onun YAP-ın rəhbərliyinə gəlməsi partiyanın gələcək inkişafını müəyyənləşdirən əsas faktor oldu. Heydər Əliyev siyasi təcrübəsi, dövlətçilik təfəkkürü və strateji baxışı ilə partiyanın proqramının formalaşdırılmasına və qısa müddətdə kütləvi ictimai dayaqlar qazanmasına mühüm töhfə verdi. YAP-ın təsis konfransı təkcə yeni bir siyasi partiyanın yaranması deyildi. Bu, əslində, Azərbaycanın o dövrdə üzləşdiyi böhranlı şəraitdən çıxış yolunun müəyyənləşdirilməsi istiqamətində cəmiyyətin verdiyi mühüm qərar idi. Konfrans müstəqilliyin qorunması, milli birliyin təmin olunması və dövlətçilik ənənələrinin bərpası məqsədi daşıyırdı. Sonrakı illər də göstərdi ki, YAP Azərbaycan siyasi həyatında sabitliyin, inkişafın və dövlətçiliyin möhkəmləndirilməsinin aparıcı qüvvəsinə çevrildi. 1993-cü ildən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi sabitlik bərpa olundu, sosial-iqtisadi islahatlara zəmin yaradıldı və Azərbaycanın beynəlxalq mövqeyi möhkəmləndirildi. Bu prosesdə Yeni Azərbaycan Partiyası əsas siyasi dayaqlardan biri kimi çıxış edirdi. Partiyanın təsisindən sonra qısa müddətdə böyük ictimai dəstək qazanması, onun real ehtiyaclardan doğduğunu və xalqın maraqlarına cavab verdiyini təsdiqlədi.
Rüstəmov Bəhruz,
Yeni Azərbaycan Partiyası, məsləhətçi



