
2026-cı il yanvarın 8-də Bakı şəhərində, “Gülüstan” sarayında ölkəmizin enerji siyasətində tarixi əhəmiyyətə malik bir hadisə – “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. 240 MVt gücündə bu müasir külək stansiyası Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən uğurla inşa edilmiş və artıq istismara verilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi nitq söylədi və bu mühüm layihənin ölkəmizin enerji potensialına verəcəyi töhfələrdən danışdı.Prezident çıxışına tədbir iştirakçılarına səmimi salamlar və təşəkkürlərilə başladı. O vurğuladı ki, bu gün Azərbaycan üçün çox önəmli, eyni zamanda həm sosial, həm iqtisadi baxımdan strateji əhəmiyyət daşıyan bir gün olduğunu dedi. “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin bərpaolunan enerji mənbələri sahəsində növbəti uğurlu addımıdır və bu, ümumi enerji siyasətimizin tərkib hissəsidir.Prezident İlham Əliyev qeyd etdi ki, bu stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək və ümumi milli inkişafımıza mühüm töhfə verəcəkdir.
“Bu gün dünyada enerji təhlükəsizliyi və bərpaolunan enerji mənbələrinə keçid bütün ölkələrin əsas prioritetlərindən biridir. Biz də enerji siyasətimizi bu istiqamətdə qurmuşuq və bu layihə bunun bariz nümunəsidir” – deyə dövlət başçısı bildirdi.Prezident həmçinin xatırlatdı ki, bu layihənin təməli 2022-ci ilin yanvarında məhz bu salonda qoyulmuşdu və bu illər ərzində genişmiqyaslı inşaat işləri sona yetirildi. Onun sözlərinə görə, bu layihə təkcə bir enerji obyektinin yaradılması deyil, həm də ölkəmizin enerji siyasətinin gələcək perspektivlərinin həqiqi simvoludur.İlham Əliyev çıxışında Azərbaycanda bərpaolunan enerji mənbələrinin inkişafının genişləndirilməsinin strateji xətt olduğunu xüsusi vurğuladı. O dedi ki, artıq digər bölgələrdə – Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad olunmuş ərazilərdə də böyük enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.
Bu, Azərbaycanın geosiyasi və coğrafi imkanlarından istifadə etməklə enerji potensialını artırmaq üçün əhəmiyyətli bir addımdır.Prezident Azərbaycan sektorunda Xəzər dənizinin külək potensialının beynəlxalq qiymətləndirmələrə görə təxminən 157 giqavat səviyyəsində olduğunu bildirdi və bu sahədə daha böyük investisiya imkanlarının olduğunu vurğuladı. Bu potensialın reallaşdırılması ilə Azərbaycan həm daxili tələbatı qarşılayacaq, həm də elektrik enerjisini ixrac edərək regional enerji mərkəzinə çevrilə bilər.Çıxışının davamında İlham Əliyev ölkənin enerji sistemində əldə olunmuş nailiyyətlərə də toxundu. O qeyd etdi ki, son 20 ildə Azərbaycanın generasiya gücü təxminən üç dəfə artaraq bu gün 10 min meqavata çatmışdır ki, bu da tarixi rekorddur. Bununla yanaşı, enerji sisteminin müasirləşdirilməsi, böyük yarımstansiyalar və ötürücü xətlərin yenilənməsi ölkəmizi dayanıqlı və etibarlı enerji təminatına malik dövlətə çevirib.Prezident görüş iştirakçılarına və sərmayəçilərə təşəkkürünü bildirdi, xüsusilə “ACWA Power” şirkətinə bu layihədəki müstəsna rolu üçün minnətdarlığını ifadə etdi. O dedi ki, bu, şirkətin Azərbaycandakı ilk bərpaolunan enerji layihəsidir və hökumət bu cür təşəbbüsləri dəstəkləməkdə davam edəcəkdir.
Çıxışının sonunda Prezident İlham Əliyev bir daha ölkəmizin enerji strategiyasını yeniləşdirməklə həm daxili iqtisadi inkişafı təmin edəcəyini, həm də regional enerji bazarında lider mövqeyini gücləndirəcəyini vurğuladı. Bu layihənin uğurla reallaşması Azərbaycan üçün yeni perspektivlərin açılmasına, yerli və xarici investorların cəlb olunmasına əlverişli şərait yaratdığına diqqət çəkdi.Nəticə etibarilə, “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı Azərbaycan üçün yalnız enerji sektorunda bir yenilik yox, həm də ölkənin dayanıqlı inkişaf strategiyasının uğurlu bir nümunəsidir. Prezident İlham Əliyevin bu mühüm layihənin açılışındakı çıxışı, ölkəmizin gələcək enerji siyasətinin nə qədər irəliyə istiqamətlənmiş olduğunu bir daha təsdiqlədi.
Murad Zeynalov,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



