AnalitikaGündəmSiyasət

20 Yanvar Hadisələri: Tarixi Həqiqətlər və Milli Yaddaşdır

20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik yolunda verdiyi ən ağır, eyni zamanda ən şərəfli qurbanlardan biridir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Bakıda və respublikanın bir sıra bölgələrində dinc əhaliyə qarşı törətdiyi qətliam xalqımızın azadlıq iradəsini qırmaq məqsədi daşıyırdı. Lakin bu qanlı hadisə əksinə, Azərbaycan xalqının milli ruhunu daha da gücləndirdi və müstəqillik arzularını geri dönməz etdi.Ümummilli Lider Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində müstəsna rol oynamışdır. Onun “20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük” fikri zaman keçdikcə bu faciənin əsl mahiyyətinin daha dərindən dərk edildiyini göstərir. Həmin gecə yalnız günahsız insanlar qətlə yetirilmmədi, eyni zamanda totalitar rejimin əsl siması bütün dünyaya nümayiş etdirildi.

Heydər Əliyev faciədən dərhal sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyini açıq şəkildə ittiham etdi. Bu cəsarətli addım o dövr üçün böyük siyasi risk daşıyırdı. Lakin Ümummilli Lider həqiqəti deməkdən çəkinmədi və xalqının yanında olduğunu bütün dünyaya bəyan etdi. Məhz onun siyasi iradəsi nəticəsində 20 Yanvar hadisələrinə sonradan dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə bir matəm günü deyil, həm də qəhrəmanlıq və milli birlik simvoludur. Şəhidlərimizin qanı müstəqil Azərbaycan dövlətinin bünövrəsinə çevrildi. Bu faciə xalqımızın azadlıq uğrunda nə qədər qətiyyətli olduğunu, öz haqqını qorumaqdan çəkinmədiyini sübut etdi.

Bu gün müstəqil, suveren və güclü Azərbaycanın mövcudluğu 20 Yanvar şəhidlərinin müqəddəs xatirəsi qarşısında ən böyük ehtiram nümunəsidir.Zaman keçdikcə 20 Yanvar hadisələrinə baxış daha da aydınlaşır. Bu faciə bizə göstərdi ki, azadlıq heç vaxt asan əldə olunmur və müstəqillik yolunda ağır sınaqlardan keçmək zəruridir. Gənc nəsil üçün 20 Yanvar tarixi yalnız keçmişin acı xatirəsi deyil, həm də vətənpərvərlik, milli ləyaqət və birlik dərsidir.Bu gün Azərbaycan xalqı 20 Yanvar şəhidlərini dərin hörmət və ehtiramla yad edir. Onların xatirəsi daim qəlbimizdə yaşayır. Ümummilli Lider Heydər Əliyevin qeyd etdiyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yer zaman keçdikcə daha aydın görünür və bu faciə milli yaddaşımızda əbədi olaraq qalacaq.

Sevinc Qəhrəmanova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button