
“20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində həm kədərli, həm də qəhrəmanlıq dolu səhifədir. 1990-cı il yanvarın 20-də Sovet rəhbərliyinin amansız siyasəti nəticəsində Azərbaycanın azadlığı və milli ləyaqəti üçün küçələrə çıxmış dinc əhali ağır texnikadan və müxtəlif silahlardan atəşə tutularaq şəhid edildi. Qadın, uşaq, qoca fərq edilmədən həyata keçirilən bu qanlı qırğın xalqımızın yaddaşında əbədi qalacaq. Bu faciəyə aparan yol 1987-ci ildən başlamışdı. Azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti deportasiyalar, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri, artan milli gərginlik Sovet rəhbərliyinin qəddar addımlarına zəmin yaratdı. 1990-cı il yanvarın ortalarında 66 mindən çox hərbi qulluqçu Bakıya gətirildi və şəhərin müxtəlif məntəqələrinə yerləşdirildi. Fövqəladə vəziyyət elan edilməsinə baxmayaraq, qoşunlar yanvarın 19-dan etibarən şəhərə daxil oldu və amansız şəkildə dinc vətəndaşlar qətlə yetirildi”.
Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.
Rəşadət Xalıqov bildirib ki, Ulu Öndər Heydər Əliyevin liderliyi bu faciənin milli şüurda və hüquqi müstəvidə qiymətləndirilməsində mühüm rol oynadı. Yanvarın 21-də Heydər Əliyev Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla həmrəylik nümayiş etdirdi, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verdi və onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdi. Ulu Öndər faciəyə qarşı heç bir qorxu göstərmədən Azərbaycan xalqının qəhrəman övladlarını müdafiə etdi. Onun təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. Prezident İlham Əliyev isə Ulu Öndərin yolunu davam etdirərək şəhidlərin xatirəsinin uca tutulmasına və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət ayırır. Şəhidlər Xiyabanında abidələr inşa edilmiş, 20 Yanvar şəhidlərinin ailələrinə və hadisələr nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə sosial dəstək göstərilmişdir.
“20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsinin rəmzidir. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi, azadlıq yolunda canından keçən şəhidlərimizin fədakarlığı Azərbaycan tarixində əbədiləşdi. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin əvəzsiz liderliyi sayəsində bu faciənin hüquqi və mənəvi qiyməti qorunub saxlanıldı, gələcək nəsillərə azad və müstəqil Azərbaycanın örnəyi olaraq çatdırıldı”. – deyən Rəşadət Xalıqov əlavə edib ki, 20 Yanvar həm də milli kimliyin, azadlıq və müstəqillik uğrunda mübarizənin rəmzidir. Bu gün Azərbaycan xalqı öz qəhrəman övladlarının xatirəsini uca tutur, onların ruhu qarşısında baş əyir və gələcəkdə də onların misilsiz fədakarlıqlarını yad edəcəkdir.



