
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev Məktəbi” layihəsinin növbəti tədbiri SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunda keçirilib.
Specialnews.az xəbər verir ki, tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini dərin ehtiramla yad edib.
Zavodun Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması və Ətraf Mühitin mühafizəsi sahəsində müvafiq məlumatlandırma sessiyasından sonra “Heydər Əliyev Məktəbi”nin iştirakçıları istehsal qurğuları, proseslərin idarə olunması ərazisi ilə tanış olublar.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, həmçinin SOCAR Downstream Management MMC-nin Baş direktoru Emil Alxaslı “Avrasiya enerji xəritəsində Azərbaycan faktoru: ənənəvi və bərpa olunan enerjinin perspektivi” və SOCAR Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Xəyal Cəfərov “Heydər Əliyev və Azərbaycanın neft strategiyası” mövzusunda çıxış ediblər. Bildirilib ki, “Heydər Əliyev Məktəbi”nin növbəti tədbirinin Ulu Öndər Heydər Əliyevin adını daşıyan zavodda keçirilməsinin rəmzi mənası var.













