AnalitikaGündəmSiyasət

Azərbaycan yeni rəqəmsal transformasiya mərhələsinə daxil olur

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər göstərir ki, ölkə artıq inkişafın yeni mərhələsinə – rəqəmsal transformasiya mərhələsinə daxil olur. Bu yanaşma dövlət idarəçiliyinin, iqtisadi modelin və beynəlxalq mövqenin yenidən qurulmasını nəzərdə tutur.

Müasir dünyada rəqabət enerji və xammal üzərində deyil, informasiya, innovasiya və süni intellekt üzərində qurulur. Data mərkəzləri, rəqəmsal platformalar və yüksək texnologiyalar ölkələrin iqtisadi gücünü müəyyən edən əsas faktorlara çevrilib. Azərbaycan bu qlobal dəyişimi düzgün qiymətləndirərək rəqəmsallaşmanı prioritet elan edir. Bu isə post-neft dövrünün iqtisadi strategiyasının əsas istiqamətlərindən biridir. Ölkənin coğrafi mövqeyi və illərlə formalaşmış infrastruktur üstünlükləri yeni mərhələdə xüsusi əhəmiyyət kəsb edir.

Asiya ilə Avropa arasında yerləşən Azərbaycan artıq enerji və nəqliyyat dəhlizlərinin mühüm iştirakçısıdır. Qarşıdakı dövrdə bu üstünlük rəqəmsal bağlantılarla tamamlanmalıdır. Fiber-optik xətlərin genişləndirilməsi, Şərq və Qərb istiqamətində yeni əlaqələrin qurulması ölkəni regional rəqəmsal qovşağa çevirə bilər. Enerji təminatı isə rəqəmsal inkişafın əsas dayaqlarındandır. Azərbaycanın artan generasiya gücü və bərpaolunan enerji layihələri data mərkəzlərinin yaradılması üçün mühüm zəmin yaradır. Rəqəmsal iqtisadiyyat yüksək enerji tələb edir və ölkənin bu sahədə özünü tam təmin etməsi strateji üstünlükdür.

Eyni zamanda, investisiya mühitinin sabitliyi və transmilli şirkətlərlə uzunmüddətli əməkdaşlıq təcrübəsi yeni texnoloji tərəfdaşlıqlar üçün etibarlı əsas yaradır. Qlobal maliyyə institutları ilə əlaqələr və beynəlxalq strateji tərəfdaşlıqlar Azərbaycanın rəqəmsal layihələrinə əlavə güc verə bilər.

Dövlət idarəçiliyində vahid koordinasiya prinsipinin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Dövlət xidmətlərinin mərkəzləşdirilmiş platforma üzərindən təqdim olunması həm şəffaflığı, həm də operativliyi artıracaq. Süni intellektin qərarvermə prosesində istifadəsi isə idarəetmənin keyfiyyətini yüksəldə bilər.

Bununla yanaşı, kadr hazırlığı və kibertəhlükəsizlik məsələləri strateji xəttin ayrılmaz hissəsidir. Rəqəmsal transformasiya yalnız texniki infrastruktur deyil, güclü insan kapitalı tələb edir. Təhsil sistemində bu istiqamətin gücləndirilməsi uzunmüddətli nəticələrin təminatıdır.

Bütün bu amillər göstərir ki, qarşıya qoyulan məqsəd ayrı-ayrı layihələrin icrası deyil, vahid rəqəmsal arxitekturanın qurulmasıdır. Azərbaycan enerji potensialını və geosiyasi mövqeyini yeni dövrdə rəqəmsal üstünlüyə çevirməyi hədəfləyir. Bu, ölkənin dayanıqlı inkişafını təmin etməyə hesablanmış strateji və zamanın tələblərinə uyğun qərardır.

Aytac Məhərrəmli,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button