AnalitikaGündəmSiyasət

Avropa İttifaqına üzv ölkələrlə mövcud strateji tərəfdaşlıq mexanizmləri Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli yanaşmasını nümayiş etdirir

Müstəqil dövlətimizə rəhbərlik etdiyi dövrdə milli maraqlara əsaslanan inkişaf modelini ardıcıl və məqsədyönlü şəkildə həyata keçirən Prezident İlham Əliyev “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ilə bir daha nümayiş etdirib ki, rəqəmsallaşma artıq strateji zərurətdir. Süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması və rəqəmsal islahatların dərinləşdirilməsi faktiki olaraq dövlətlərin gələcək inkişaf trayektoriyasını müəyyən edir. Bu yanaşma göstərir ki, texnoloji transformasiya iqtisadi artımın yeni mərhələsini formalaşdıran əsas amillərdən biridir və qlobal rəqabət məhz bu sahədə baş verir. Dünyanın ən böyük maliyyə resurslarını idarə edən fondlarla qurulmuş uzunmüddətli və etibarlı tərəfdaşlıq münasibətləri ölkəyə yalnız kapital axını deyil, həm də qabaqcıl idarəetmə təcrübəsi qazandırır. Azərbaycan Dövlət Neft Fondunun illərdir bu təsisatlarla əməkdaşlıq etməsi ölkənin maliyyə etibarlılığının beynəlxalq səviyyədə qəbul edildiyini açıq şəkildə göstərir.

Bu etimad mühiti isə rəqəmsal iqtisadiyyata yönələn investisiyalar üçün möhkəm zəmin yaradır. Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas məqamlardan biri də ondan ibarətdir ki, rəqəmsallaşma sahəsində aparıcı ölkə olan Amerika şirkətləri ilə qurulan əlaqələr artıq institusional çərçivəyə salınıb. ABŞ ilə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası bu baxımdan yalnız siyasi sənəd deyil, həm də texnoloji əməkdaşlığın yol xəritəsidir. Bu sənəd data mərkəzləri, süni intellekt və rəqəmsal infrastruktur sahəsində Azərbaycanın qlobal texnoloji zəncirə birbaşa qoşulmasını təmin edir. Eyni zamanda, Avropa İttifaqına üzv ölkələrlə mövcud strateji tərəfdaşlıq mexanizmləri Azərbaycanın balanslaşdırılmış və çoxtərəfli yanaşmasını nümayiş etdirir. Texnoloji rəqabətdə fərqli sürətlər mövcud olsa da, Avropa şirkətləri ilə əməkdaşlıq rəqəmsal transformasiyanın institusional və normativ tərəflərinin möhkəmləndirilməsində mühüm rol oynaya bilər.

Bu isə Azərbaycanın texnologiya transferində yalnız bir mərkəzdən asılı qalmadığını göstərir. Qlobal maliyyə mərkəzləri ilə qurulmuş etibarlı əlaqələr, aparıcı texnoloji şirkətlərlə əməkdaşlıq və dövlət səviyyəsində müəyyən edilmiş aydın prioritetlər ölkəni regionda deyil, daha geniş miqyasda rəqəmsal cazibə mərkəzinə çevirmək potensialına malikdir”. Kibertəhlükəsizlik isə rəqəmsal transformasiyanın ayrılmaz hissəsidir. Ötən il baş vermiş mütəşəkkil kiberhücumlar göstərdi ki, bu sahədə daimi hazırlıq və qabaqlayıcı tədbirlər zəruridir. Prezident İlham Əliyev vurğulayıb ki, bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır. Bu mərkəzin uğurlu fəaliyyəti milli təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır. “Azərbaycanın yeni rəqəmsal arxitekturası” təşəbbüsü yalnız texnoloji layihə deyil, kompleks strateji yanaşmadır. Enerji potensialı, coğrafi mövqe, beynəlxalq tərəfdaşlıq şəbəkəsi və sabit investisiya mühiti bu istiqamətdə mühüm üstünlüklər yaradır. Süni intellekt, data mərkəzləri və rəqəmsal idarəetmə modelləri gələcək onilliklərin iqtisadi güc balansını müəyyən edəcək əsas amillərdir. Vahid fəaliyyət planının hazırlanması və icrası isə bu strateji hədəflərə çatmaq üçün mühüm mərhələdir. Bu yanaşma rəqəmsal transformasiyanın sistemli və davamlı şəkildə həyata keçirilməsinə imkan verəcək.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyasının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button