
Prezident İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin mövcud inkişaf dinamikasını əks etdirməklə yeni strateji məqsədlərə çatmaq üçün potensial imkanların müzakirəsi və həlli baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkələrimizin əlaqələri strateji tərəfdaşlıq səviyyəsindədir. Prezident İlham Əliyevin 15 fevral 2026-cı ildə Serbiyaya növbəti rəsmi səfəri isə iki ölkənin əlaqələrini daha da gücləndirəcək.
Azərbaycan və Serbiya dövlət başçılarının keçirilən təkbətək görüşündə yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı ilə bağlı faydalı müzakirələr aparılıb, siyasi-iqtisadi və humanitar platformalarda ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını vəziyyəti müsbət dəyərləndirilib.
Belqradda Prezident İlham Əliyevin və Aleksandar Vuçiçin iştirakı ilə Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasının keçirilməsi də mühüm siyasi-iqtisadi hadisə hesab edilə bilər. Tərəflər Şurada bir sıra mühüm mesajlar verməklə yaxın dostluq əlaqələrinin daim irəli getdiyini vurğulayıblar. Prezident Aleksandar Vuçiçin vurğuladığı kimi bu tədbir xüsusi önəm daşıyır. “Bu gün keçirilən görüşün və Şura iclasının xüsusi rəmzi əhəmiyyəti var. Çünki o, Serbiya Respublikasının ən mühüm milli bayramı günündə – Dövlətçilik Günündə keçirilir və bu tarixi biz ən yaxın dostlarımızla – Prezident İlham Əliyevlə və Azərbaycandan gəlmiş qonaqlarımızla qeyd edirik” ifadəsi Azərbaycana olan böyük ehtiram və etimadın nümunəsi deməkdir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan və Serbiya dost ölkələrdir, bu dövlətin milli bayram günündə rəsmi səfərin baş tutmasının özü aramızdakı səmimiyyətin səviyyəsini nümayiş etdirir: “Dostluğumuz haqqında və əməkdaşlığımızı necə gücləndirəcəyimiz barədə danışarkən heç bir sərhədimiz, vaxt məhdudiyyətimiz, heç bir şübhəmiz yoxdur. Bu gün Dövlətçilik Günüdür, dövlətçilik haqqında düşündüyümüz bir gündür. Serbiya xalqını və Prezidentini Serbiya dövlətçiliyinin möhkəmləndirilməsindəki nailiyyətləri münasibətilə təbrik etmək istəyirəm. Ölkə Prezidentin rəhbərliyi ilə uğurla inkişaf edir, dövlətçiliyini, dövlət qurumlarını gücləndirir. Biz bunu müşahidə etməkdən çox şadıq, çünki Azərbaycan və Serbiya çox dost ölkələrdir. Strateji Şuranın bugünkü ilk iclası da qərar verilmiş və razılaşdırılmış məsələlərin həyata keçirildiyinin bariz bir nümunəsidir”.
Azərbaycan Prezidenti həmkarı Vuçiçlə geniş müzakirələr apardığını bildirib və onun bugünkü geosiyasi hadisələrin inkişafının müxtəlif aspektləri ilə bağlı baxışı, bilik və təcrübəsinin güclü təəssürat yaratdığını xatırladıb. Belə ki, Balkanlarda, Cənubi Qafqazda və daha geniş regionda vəziyyət çox sürətlə inkişaf edir, bir çox gözlənilməz ssenarilər mövcuddur. Ona görə də fikir mübadiləsi, məlumat mübadiləsi aparmaq, baş verənlərlə bağlı müəyyən təhlillər etmək üçün hazır və daimi əlaqədə olmaq hədəflərə maksimum dərəcədə çatmaq baxımından mühüm əhəmiyyət daşıyır.
Ölkələrimizin əlaqələrində təbii ki, enerji sahsində də əməkdaşlıq mühüm yer tutur. Serbiya Azərbaycandan təbii qaz alan Avropa ölkələrindən biridir. Enerji sahəsində əməkdaşlıq daha da genişləndiriləcək. Bütövlükdə isə, aparılan müzakirələr, mübadilə edilən sənədlər Azərbaycan-Serbiya əlaqələrini daha da gücləndirəcək.
Bu gün Serbiya – təbii sərvətləri olmayan bir ölkə buna baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.
İki ölkə rəhbərləri arasında görüşlər, müzakirələr, strateji səviyyədə olan siyasi dialoq, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlıq Azərbaycan-Serbiya münasibətlərinin davamlı inkişafının sübutudur.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsi sədrinin birinci müavini, Qarabağ veteranı




