AnalitikaGündəmSiyasət

Azərbaycan və Serbiya arasında əlaqələr qarşılıqlı etimad və dostluq prinsipləri üzərində inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı il fevralın 15–16-da Serbiya Respublikasına rəsmi səfər etmişdir. Bu səfər Azərbaycan–Serbiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Fevralın 15-də Belqrad şəhərində Prezident İlham Əliyev Serbiya dövlətinin ali protokol qaydalarına uyğun olaraq rəsmi qarşılanmışdır. Rəsmi qarşılama mərasimindən sonra Azərbaycan Prezidenti Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək və geniş tərkibdə görüşlər keçirmişdir. Görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılmışdır.

Səfər çərçivəsində Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirilmiş, iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri müəyyən edilmişdir. Tərəflər xüsusilə energetika sahəsində əməkdaşlığa xüsusi diqqət yetirmiş, Azərbaycanın Serbiyanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilmişdir. Bununla yanaşı, sənaye, nəqliyyat, kənd təsərrüfatı və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları da müzakirə olunmuşdur.

Görüşlərin yekununda prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edərək Azərbaycan–Serbiya münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulamışlar. Prezident İlham Əliyev iki ölkə arasında əlaqələrin təkcə ikitərəfli deyil, həm də regional sabitliyə töhfə verən mühüm amil olduğunu qeyd etmişdir.

Fevralın 16-da rəsmi səfər başa çatmış, Prezident İlham Əliyev Belqrad şəhərindən Bakıya yola düşmüşdür. Bu səfər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, qarşılıqlı etimadın daha da güclənməsinə və uzunmüddətli əməkdaşlıq perspektivlərinin formalaşmasına mühüm töhfə vermişdir.

İldırım Eyvazlı,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button