TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub

Aprelin 14-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi ofisində Özbəkistanın Əndican şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı-2026” elan edilməsinə həsr olunmuş tədbir keçirilib.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, Əndicanın mədəni və tarixi potensialının təqdimatı tədbirində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Türkiyə parlamentinin üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, alimlər və ekspertlər iştirak ediblər.
Tədbir iştirakçıları, o cümlədən Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələrinin iştirakı ilə “Türk dünyasının mədəniyyət paytaxtı-2026”nın loqosu təqdim edilib.
TÜRKSOY-un Baş katibi Sultan Raev çıxışında Mərkəzi Asiyanın bu qədim şəhərinin təqdimatından məmnunluğunu bildirib.
“Qədim Əndican şəhərinin müasir görünüşü Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda aparılan islahatların uğurunun göstəricisidir. Əndican haqlı olaraq Fərqanə Vadisinin incisi hesab olunur”, – deyə o qeyd edib.
TÜRKSOY-un Baş katibi Əndicandan olan bir sıra görkəmli şəxsiyyətləri xatırladaraq, Özbəkistandakı mədəni tədbirlər proqramının türk xalqlarının həmrəyliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.
Özbəkistan səfiri İlhom Haydarov Əndicanın “Türk dünyasının mədəniyyət paytaxtı-2026” elan edilməsini əlamətdar hadisə adlandırıb. “Bu qərar Özbəkistan üçün təkcə qürur mənbəyi deyil, həm də məsuliyyətdir. Biz Türk dünyasının mədəniyyətinə bundan sonra da töhfə vermək əzmindəyik”, – deyə o əmin edib.
Diplomat, həmçinin Özbəkistanın 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfəni xatırladaraq, bütün iştirakçıları Əndicanda keçiriləcək tədbirlərə dəvət edib.
Türk millət vəkili İlyas Topsakal qeyd edib ki, üç min illik tarixi olan Əndican qlobal mədəniyyətə töhfə verməkdə davam edir. Onun sözlərinə görə, türk xalqlarının qədim torpaqlarını ziyarət etmək Türk dünyasının birliyinin təbliğinə töhfə verir.
Türkiyə Ədalət və İnkişaf Partiyası sədrinin müavini, türk dövlətləri ilə əlaqələr üzrə məsul olan professor Kürşad Zorlu Əndicandakı mədəni tədbirlərin Mərkəzi Asiyada turizmin inkişafına da töhfə verəcəyinə əminliyini bildirib.
“Bizim üçün Əndicanda dünyaya gəlmiş və Böyük Moğol İmperiyasının banisi Zahirəddin Babur da daxil olmaqla, tarixi şəxsiyyətlər vacibdir. Əminəm ki, dialoq Türk dünyasında konsolidasiyanın əsasıdır”, – deyə o, TÜRKSOY-a təşəkkür edərək onu “Türk dünyasının UNESCO”su adlandırıb.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Türk dünyasında birliyin möhkəm təməlinin mövcud olduğunu vurğulayıb. O, türk xalqlarının mədəniyyətini qorumağa, xüsusən də onların irsini gənc nəsillər arasında təbliğ etməyə çağırıb.
“Türk dünyasının mədəni paytaxtları” proqramlarına həsr olunmuş tədbirlər artıq 14 ildir ki, türk xalqlarının irsinin təbliğində strateji rol oynayır. Ortaq tarix, mədəniyyət və gələcəyə baxış Türk dünyasını daha da gücləndirir”, – deyən nazir Əndicanı “tarixin və inkişafın bir-birinə qovuşduğu şəhər” adlandıraraq sözünü yekunlaşdırıb.
TÜRKSOY binasında Özbəkistan mədəniyyətinə həsr olunmuş fotosərgi də təşkil edilib.







