
Avropa çempionu olmuş güləşçilərlə Prezidentin görüşü ölkəmizdə idmana və idmançılara göstərilən böyük qayğı və dəstəyin təzahürüdür.
Prezident İlham Əliyevin Avropa çempionatlarında yüksək nailiyyətlər qazanmış güləşçilərlə görüşləri artıq bir ənənə halını alıb. Bu görüşlər təkcə protokoldan ibarət tədbir deyil, həm də dövlətin öz qəhrəmanlarına verdiyi yüksək dəyərin, idman siyasətinin prioritetlərinin və milli ruhun nümayişidir.
Azərbaycan dünyada idman dövləti kimi tanınır. Prezident İlham Əliyevin güləşçilərlə hər bir görüşü ölkədə idmanın kütləviliyinin təmin edilməsi və peşəkar idmançıların stimullaşdırılması baxımından mühüm mesajlar daşıyır.
Azərbaycan Prezidenti idmançılarımızın uğurlarının təsadüf olmadığını, dövlətimizin idman sahəsində apardığı məqsədyönlü işlərin nəticəsi olduğunu bildirdi. Paytaxtda, eləcə də regionlarda tikilən Olimpiya İdman Komplekslərinin bu uğurların qazanılmasında müstəsna rol oynadığını qeyd edən ölkə Başçısı bundan sonra idmana xüsusi qayğı göstəriləcəyini dilə gətirib.
Prezident İlham Əliyev güləşin milli qürurumuz olduğunu vurğulayıb və onun Azərbaycan xalqının genetik yaddaşında xüsusi yeri olduğunu və beynəlxalq arenada “Azərbaycan məktəbi”nindaim öz sözünü dediyini bəyan edib: “Güləş bizim milli idman növümüzdür. Bizim genetik kodumuzda güləşə sevgi və bu sahədə qəhrəmanlıq ənənələri var.”
Prezident İlham Əliyev idmançıların gənc nəsil üçün örnək olduğu, onların qələbələrinin gənclərdə vətənə sevgi və milli qürur hissini gücləndirdiyini qeyd edərək bildirib: “Azərbaycan dövləti idmançılara hər zaman dayaqdır. Bizim üçün idman təkcə fiziki sağlamlıq deyil, həm də gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.”
Avropa çempionatlarında qazanılan medalların sayı hər il artmaqda davam edir. Xüsusilə sərbəst və yunan-roma güləşi üzrə yığma komandalarımızın qitə miqyasında birinci olması Azərbaycanın bu sahədəki hegemonluğunu təsdiqləyir.
Prezident İlham Əliyev qeyd edib ki, idmançıların qələbəsi ölkənin ümumi inkişafının göstəricisidir. Xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra idman arenalarında ucaldılan bayraq daha böyük məna kəsb edir.
“Siz öz qələbələrinizlə bir daha göstərirsiniz ki, Azərbaycan xalqı qalib xalqdır. Sizin arenalarda qaldırdığınız bayraq bizim döyüş meydanlarında qaldırdığımız bayraqla eyni gücə malikdir.”
Bu görüşlər həm də qarşıdan gələn böyük sınaqlara — Dünya çempionatlarına və Olimpiya Oyunlarına hazırlıq üçün bir təkan rolunu oynayır. Prezident idmançılara arxayınlaşmamağı, əksinə, qazanılan uğurları qoruyub saxlamağı və daha yüksək zirvələri fəth etməyi tövsiyə edir.
Prezident İlham Əliyevin Avropa çempionları ilə görüşü Azərbaycan dövlətinin öz vətəndaşına, gəncinə və idmançısına olan qayğısının real təzahürüdür. Bu dəstək sayəsində Azərbaycan güləşçiləri bundan sonra da beynəlxalq döşəklərdə öz sözlərini deyəcək və üçrəngli bayrağımızı zirvələrə daşıyacaqlar.
Valeh Əmrahov,
Nizami Rayon Gənclər və İdman sektorunun əməkdaşı



