AnalitikaGündəmSiyasət

Kənd Təsərrüfatının İnkişafı Azərbaycanın Güclü Gələcəyidir

Azərbaycanın davamlı inkişaf strategiyasında kənd təsərrüfatı xüsusi yer tutur. Son illərdə bu sahənin inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları kəndlərin sosial-iqtisadi həyatına yeni nəfəs verib. Regionlarda yaradılan müasir infrastruktur, suvarma sistemləri və aqrar sahəyə göstərilən dəstək kənd təsərrüfatının inkişafına mühüm təkan olub.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə vurğuladığı kimi, regionların inkişafı ölkənin ümumi tərəqqisinin əsas istiqamətlərindən biridir. Regional inkişaf proqramları nəticəsində kəndlərdə qaz, elektrik, su təminatı və yol infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Bu da kənd əhalisinin rifahına müsbət təsir göstərib.

Aqrar sahəyə tətbiq olunan subsidiyalar və güzəştli kreditlər fermerlərin fəaliyyətini daha da stimullaşdırır. Gübrə, yanacaq və texnika ilə bağlı güzəştlər kənd təsərrüfatı istehsalçılarının xərclərini azaltmaqla məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Dövlət tərəfindən göstərilən bu dəstək aqrar sektorun inkişafında mühüm rol oynayır.

Son illərdə pambıqçılıq, baramaçılıq, üzümçülük və fındıqçılıq kimi ənənəvi sahələr yenidən inkişaf mərhələsinə qədəm qoyub. Aparılan islahatlar nəticəsində bu istiqamətlər üzrə istehsal həcmi və məhsuldarlıq əhəmiyyətli dərəcədə artıb. Bu isə həm məşğulluğun yüksəlməsinə, həm də ixrac potensialının genişlənməsinə xidmət edir.

Ərzaq təhlükəsizliyinin təmin olunması müasir dövrün əsas çağırışlarından biridir. Dünyada baş verən geosiyasi və iqtisadi dəyişikliklər göstərir ki, hər bir ölkə daxili istehsal imkanlarını artırmalıdır. Azərbaycan da kənd təsərrüfatının inkişafı vasitəsilə strateji məhsullar üzrə özünü təminetmə səviyyəsini yüksəltməyi qarşıya məqsəd qoyub.

Torpaqlardan səmərəli istifadə və müasir texnologiyaların tətbiqi aqrar sahənin gələcək inkişafında mühüm əhəmiyyət daşıyır. Süni intellekt, peyk texnologiyaları və rəqəmsal həllərin tətbiqi məhsuldarlığın artırılmasına və fermerlərin daha düzgün qərarlar qəbul etməsinə imkan yaradır. Bu yeniliklər kənd təsərrüfatının daha müasir əsaslarla inkişafına xidmət edir.

Su ehtiyatlarının qorunması və yeni suvarma sistemlərinin qurulması da prioritet məsələlərdəndir. Yeni su anbarlarının tikintisi, kanalların yenidən qurulması və müasir suvarma texnologiyalarının tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artmasına şərait yaradır. Bu layihələr ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə də töhfə verir.

Kənd təsərrüfatının inkişafı Azərbaycanın iqtisadi gücünün artırılması, regionların dirçəldilməsi və əhalinin rifahının yüksəldilməsi baxımından strateji əhəmiyyət daşıyır. Dövlətin bu sahəyə göstərdiyi diqqət və dəstək nəticəsində aqrar sektorun qarşıdakı illərdə daha böyük nailiyyətlər qazanacağına əminlik yaranır. Güclü kənd təsərrüfatı güclü Azərbaycanın mühüm təminatlarından biridir.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button