
Azərbaycan və Türkiyə arasındakı münasibətlər tarix boyu “Bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanaraq unikal bir xətt üzrə inkişaf etmişdir. Bu sarsılmaz tellər 15 iyun 2021-ci il tarixində işğaldan azad edilmiş qədim mədəniyyət paytaxtımız Şuşada imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan bu tarixi sənəd, sadəcə iki ölkə arasındakı əlaqələri deyil, eyni zamanda Cənubi Qafqazın geosiyasi mənzərəsini kökündən dəyişdirən bir dönüş nöqtəsidir.
Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsindən rəsmi müttəfiqlik səviyyəsinə qaldırdı. Sənəd siyasi, hərbi, iqtisadi və humanitar sahələrdə tam inteqrasiyanı nəzərdə tutur. Bəyannamənin ən mühüm və diqqətçəkən tərəfi hərbi təhlükəsizliklə bağlı bəndlərdir. Sənədə əsasən üçüncü bir dövlət və ya dövlətlər qrupu tərəfindən tərəflərdən birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər bir-birinə lazımi yardım göstərəcəklər.
Bəyannamədə həmçinin Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması, birgə hərbi təlimlərin keçirilməsi və orduların koordinasiyalı fəaliyyəti rəsmiləşdirilmiş, iki ölkə arasında texnologiya transferi, birgə istehsal sahələrinin yaradılması və müasir hərbi texnologiyaların inkişafı prioritet elan olunmuşdur.
Şuşa Bəyannaməsi iqtisadi sahədə regional layihələrin sürətləndirilməsini və ticarət dövriyyəsinin artırılmasını hədəfləyir. Bəyannamədə Türkiyə və Azərbaycanı birləşdirən, eyni zamanda Şərq-Qərb Mərkəzi Dəhlizinin mühüm tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasının strateji əhəmiyyəti xüsusi vurğulanmış, TANAP və TAP layihələrinin genişləndirilməsi, Avropanın və regionun enerji təhlükəsizliyində iki ölkənin birgə rolunun gücləndirilməsi təsbit edilmişdir.
Sənəd, hər iki dövlətin xarici siyasətdə addımlarını koordinasiya etməsini nəzərdə tutur. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə diasporlarının birgə hərəkət etməsi, milli mənafelərin qorunmasında güclərin birləşdirilməsi strateji hədəf kimi müəyyən olunmuşdur.
Şuşa Bəyannaməsi sadəcə bu günün tələblərindən doğan bir sənəd deyil, kökləri tarixə dayanan və gələcəyə yönələn nəhəng bir siyasi aktdır. Şuşa Bəyannaməsində düz 100 il əvvəl imzalanmış tarixi Qars Müqaviləsinə istinad edilməsi böyük rəmzi məna daşıyır. Bu, Türkiyə və Azərbaycanın bir əsr sonra da eyni qətiyyətlə bir-birinin yanında olduğunun dünyaya elanı idi. Bu bəyannamə Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı tarixi Qələbənin və regionda yaranmış yeni geosiyasi reallığın hüquqi cəhətdən təsbitidir. Türkiyənin regionda hərbi-siyasi varlığının rəsmiləşməsi, bölgədə revanşist qüvvələrin baş qaldırmasının qarşısını alan ən böyük maneədir.
Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının (TDT) daxilindəki digər dövlətlər üçün də bir inteqrasiya modeli rolunu oynayır. Bu sənəd Türk dünyasının coğrafi və strateji cəhətdən birləşməsi yolunda atılmış ən cəsarətli addımdır.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvəsi və rəmzidir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları bu sənədlə fəlsəfi ideyadan real hüquqi-siyasi reallığa çevrilmişdir.Bu bəyannamə regional sülhə, sabitliyə və tərəqqiyə xidmət etməklə yanaşı, gələcək nəsillərə ötürüləcək ən böyük mirasdır. Şuşa imzası ilə bəyan olunan bu ittifaq, sarsılmaz tərəfdaşlığın əbədi təminatıdır.
Həmidə Ələfsərova,
Nizami rayonunun ictimai fəalı, Kimya-biologiya təmayüllü liseyin əməkdaşı



