
Bəzən bir xalqın taleyi bir qərardan, bir liderdən və bir gündən asılı olur. Azərbaycan xalqının müasir tarixində 15 İyun 1993-cü il məhz belə taleyüklü günlərdən biridir. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi dövlət bayramına çevrilərək müstəqil Azərbaycanın inkişaf yolunun başlanğıcı oldu. Müstəqilliyin ilk illərində Azərbaycan son dərəcə mürəkkəb vəziyyətdə idi. Xarici təcavüz, torpaq itkiləri, siyasi böhran, iqtisadi tənəzzül və daxili qarşıdurmalar ölkənin gələcəyini sual altında qoymuşdu. Dövlətçiliyin əsasları sarsılmış, cəmiyyət ümidsizlik və qeyri-müəyyənlik içərisində idi.
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi rəhbərliyə qayıdışı ölkənin taleyində həlledici rol oynadı. Onun zəngin dövlətçilik təcrübəsi, qətiyyəti və siyasi uzaqgörənliyi qısa müddətdə ölkədə sabitliyin təmin olunmasına şərait yaratdı. Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və milli birliyin təmin edilməsi həmin dövrün əsas nailiyyətlərinə çevrildi. Milli Qurtuluş Günü ilk növbədə xalqın öz dövlətini qorumaq iradəsinin təntənəsidir. Bu gün göstərdi ki, xalq və lider bir məqsəd ətrafında birləşdikdə ən ağır böhranlardan belə çıxmaq mümkündür. Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası sonrakı illərdə Azərbaycanın iqtisadi gücünün artmasına, beynəlxalq mövqeyinin möhkəmlənməsinə və müasir dövlət quruculuğuna mühüm töhfə verdi.
Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən biridir. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsi və əldə olunan tarixi nailiyyətlər Milli Qurtuluşdan başlanan inkişaf yolunun uğurlu nəticələridir.
15 İyun sadəcə keçmişin xatirəsi deyil. Bu tarix dövlətçilik dərsi, milli həmrəylik nümunəsi və gələcək nəsillər üçün vətənpərvərlik məktəbidir. Azərbaycan xalqı hər il bu günü qeyd etməklə dövlət müstəqilliyinin qorunmasının nə qədər vacib olduğunu bir daha xatırlayır və gələcəyə daha böyük inamla baxır.
Bəturə Eynalova,
YAP Nizami rayon fəalı



