AnalitikaGündəmSosial

15 iyun Qurtuluş günümüz

Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”.

Heydər Əliyev

Hər bir xalqın tarixində onun varlığını və dövlətçilik xəttini ciddi sınağa çəkən böhranlı mərhələlər olur ki, Azərbaycan xalqı üçün də XX əsrin sonları məhz belə bir taleyüklü imtahan dövrü idi. Xaosdan sabitliyə, sabitlikdən isə qüdrətli tərəqqiyə keçidin analizi göstərir ki, güclü lider faktoru dövlətlərin çökməsi və ya yenidən doğulması arasında ən həlledici həlqədir. 1987-ci ilin oktyabrı Azərbaycanın müasir tarixində gizli bir fəlakətin anonsu idi. Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyinin ədalətsiz və qərəzli ermənipərəst siyasətinə etiraz olaraq vəzifəsindən uzaqlaşması daxili və xarici bədxahların əl-qolunu açdı. Cəmi iki həftə sonra Dağlıq Qarabağ iddialarının ortalığa atılması təsadüfi deyil, məhz Heydər Əliyev dühasının yoxluğundan cəsarətlənən erməni millətçiliyinin planlı gedişi idi. 90-cı illərin əvvəllərində ölkədə hakimiyyəti idarə edən Vəzirov-Mütəllibov rejimi və onlardan sonra gələn AXC-Müsavat cütlüyü dövlət təfəkküründən uzaq, idarəçilik mexanizmlərinə bələd olmayan qüvvələr idi. Nəticədə ordu daxilində qruplaşmalar yarandı, silahlı dəstələr cəbhəni qorumaq əvəzinə daxili siyasi çəkişmələrin alətinə çevrildi, dövlət mülkiyyəti və strateji ehtiyatlar fərdi maraqlara qurban verilərək talan edildi. Region və dünya ölkələri ilə düşünülməmiş, emosional və aqressiv ritorika Azərbaycanı xarici siyasətdə tamamilə tək qoydu, ölkənin müxtəlif bölgələrində baş qaldıran separatizm dalğası isə dövləti vətəndaş müharibəsinin astanasına gətirdi. 1993-cü ilin aprelində Kəlbəcərin işğalı isə bu səriştəsizliyin ən ağrılı apogeyi oldu.

Tarixi xəyanətlərin və daxili anarxiyanın girdabında boğulan xalq, çıxış yolunu yalnız bir ünvanda – Heydər Əliyev dühasında görürdü. Maraqlıdır ki, xalqın bu iradəsi qarşısında aciz qalan və idarəçiliyi tamamilə itirən ovaxtkı iqtidar da öz xilası üçün məhz Ulu Öndərə müraciət etmək məcburiyyətində qaldı. 1993-cü il iyunun 9-da Bakıya gələn böyük strateq, həyatını birbaşa təhlükəyə ataraq hadisələrin episentrinə – Gəncəyə yollandı və qardaş qırğınının qarşısını aldı. Siyasi arenada baş verən bu sürətli və qətiyyətli gedişlərin məntiqi davamı olaraq 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi və bu tarixi tarix xalqın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu. Çox keçmədən, həmin ilin iyunun 24-də prezidentlik səlahiyyətləri Ümummilli Liderə həvalə edildi, oktyabr ayında isə xalqın mütləq səs çoxluğu ilə Heydər Əliyev rəsmən Azərbaycan Respublikasının Prezidenti seçildi. O, andiçmə mərasimində son nəfəsinə qədər bu xalqa sədaqətlə xidmət edəcəyini bütün dünyaya bəyan etdi. Ulu Öndərin liderlik dühası ölkəni addım-addım sabitliyə apardı; qanunsuz silahlı birləşmələr ləğv edildi, dövlət intizamı bərpa olundu, cəbhədə atəşkəs əldə edilərək nizami ordu quruculuğuna start verildi. “Əsrin müqaviləsi” ilə ölkənin iqtisadi müstəqilliyinin sarsılmaz bünövrəsi qoyuldu və ilk milli Konstitusiya qəbul edilərək hüquqi dövlətin əsasları möhkəmləndirildi.

Heydər Əliyev tərəfindən qurulan möhkəm dövlət aparatı və müəyyən edilmiş strateji xətt sadəcə bir dövrün planı deyil, əbədi müstəqilliyin memarlıq layihəsi idi. Onun ən böyük amalı və yarımçıq qalan arzusu Qarabağı, Şuşanı işğaldan azad görmək idi və o, hər zaman qətiyyətlə vurğulayırdı ki, biz Kəlbəcərin bulaqları, Şuşanın dağları, Laçının sıldırım qayaları olmadan yaşaya bilmərik. Bu strateji hədəf və ata vəsiyyəti Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən mükəmməl şəkildə reallaşdırıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli siyasət nəticəsində Azərbaycan ordusu modernləşdirilərək dünyanın ən güclü 50 ordusu sırasına yüksəldi, uğurlu xarici siyasət sayəsində ölkəmiz regionun şəksiz liderinə və qlobal təhlükəsizliyin əsas mərkəzlərindən birinə çevrildi, qazanılan iqtisadi müstəqillik isə birbaşa hərbi və siyasi gücə konvertasiya olundu. Bu daxili və xarici hazırlığın məntiqi yekunu olaraq, Vətən müharibəsində və ardınca keçirilən antiterror tədbirlərində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Zəfərin qazanıldığı həmin tarixi gündə Prezident İlham Əliyev xalqa müraciətində ata vəsiyyətini yerinə yetirdiyini, Şuşanın azad olunduğunu və bu böyük qələbə ilə şəhidlərimizin, Ulu Öndərin ruhunun şad olduğunu böyük qürurla ifadə etdi.

Bu gün Xankəndidə, Şuşada, Laçında və Qarabağın hər bir qarışında dalğalanan üçrəngli bayrağımız, vaxtilə uzaqgörənliklə əsası qoyulmuş Heydər Əliyev siyasi kursunun canlı təntənəsidir. Dövlət başçısının da qeyd etdiyi kimi, Milli Qurtuluş Günü sadəcə təqvim dəyişikliyi deyil, Azərbaycanın uçurumun kənarından qurtularaq zirvələrə doğru başladığı böyük dönüş nöqtəsidir. Müasir, güclü və suveren Azərbaycan məhz Ulu Öndərin xəyal etdiyi və görmək istədiyi həmin azad, bütöv və müstəqil Azərbaycandır.

Nərmin Dadaşova,
YAP Nizami rayonunun fəalı

Oxşar Xəbərlər

Back to top button