AnalitikaGündəmSiyasət

Bakı-Brüssel tərəfdaşlığının yeni mərhələsi

1 iyul tarixində Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen arasında keçirilən ali səviyyəli görüş və mətbuata verilən bəyanatlar, Azərbaycan-Avropa İttifaqı (Aİ) münasibətlərində yeni bir epoxanın rəsmi müjdəçisi oldu. Bu tarixi görüş həm iki tərəfli iqtisadi-enerji əməkdaşlığının dərinləşməsini, həm də Cənubi Qafqazda davamlı sülh və nəqliyyat-logistika şəbəkələrinin qurulmasında Azərbaycanın mərkəzi rolunu bir daha təsdiqlədi.

Görüşün ən mühüm iqtisadi mesajlarından biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı kritik rola yönəldi. Rusiya-Ukrayna böhranından bəri Avropanın ən çətin anlarında etibarlı tərəfdaş kimi önə çıxan Azərbaycan, bu mövqeyini daha da möhkəmləndirib.

Prezident İlham Əliyev bəyanatında xüsusi vurğuladı ki, hazırda Azərbaycanın ümumi qaz ixracatının təxminən 50%-i bilavasitə Avropa İttifaqına üzv dövlətlərin payına düşür.

Ursula fon der Lyayen isə rəsmi Brüsselin bu dəstəyi unutmadığını ifadə edərək bildirdi: “Rusiya enerjini silah kimi istifadə edib Avropaya qazı kəsəndə, Azərbaycan irəli addım atdı və Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyini gücləndirdi. Bu, böyük bir uğur hekayəsidir.”

Lakin tərəfdaşlıq yalnız qazla məhdudlaşmır. Azərbaycanın Xəzər dənizindəki nəhəng külək enerjisi potensialı çərçivəsində ölkəmizin gələcəkdə Avropa üçün strateji təmiz enerji qovşağına (hub) çevriləcəyi bildirildi. Hətta Avropa rəhbəri Azərbaycanın Ermənistana elektrik kabeli çəkilməsi ilə bağlı təklifini də yüksək qiymətləndirdiklərini bəyan etdi.

Prezident İlham Əliyev bəyanatında mühüm bir iqtisadi reallığı diqqətə çatdırdı: “Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır.2

Son dövrlərdə Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yükdaşımaların həcminin hər bir istiqamətdə sürətlə artması Azərbaycanı qlobal logistik xəritədə əvəzolunmaz qovşağa çevirib. Avropa Komissiyası bu potensialı rəsmiləşdirmək üçün yeni təşəbbüslə çıxış etdi. Aİ Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlılığı (connectivity) dəstəkləmək məqsədilə 200 milyon avroya qədər vəsait ayırmağı planlaşdırır və rəsmi olaraq “Aİ-Azərbaycan Bağlılıq Tərəfdaşlığı” (Connectivity Partnership) yaratmağı təklif edir. Həmçinin bu məqsədlə Bakıda Regional Bağlılıq İnvestisiya Konfransının keçirilməsi nəzərdə tutulur.

Görüşün ən böyük siyasi çəkisi isə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə və regionun gələcək taleyinə aid idi. Ursula fon der Lyayen Azərbaycan Prezidentinin regionda sülh və əməkdaşlığın təşviq edilməsində göstərdiyi şəxsi liderliyi yüksək qiymətləndirdi və imzalanma mərhələsində olan sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər münasibətilə İlham Əliyevi təbrik etdi. Brüssel regionda “kağız üzərindəki sülhü, praktikada sülhə çevirmək” üçün 20 milyon avro dəyərində yeni proqram başladacağını elan etdi. Bu vəsait xüsusilə işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi-minalardan təmizləmə prosesi, kənd təsərrüfatı, su idarəçiliyi və kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək.

İyulun 1-də Bakıda səslənən bəyanatlar göstərir ki, Azərbaycan və Avropa İttifaqı artıq sadəcə “alıcı və satıcı” deyil, ortaq regional gələcəyi dizayn edən strateji tərəfdaşlardır. Prezident İlham Əliyevin uzaqgörən xarici siyasəti və Ursula fon der Lyayenin Bakı səfəri çərçivəsində verdiyi mesajlar sübut edir ki, Azərbaycan Cənubi Qafqazın həm iqtisadi lokomotivi, həm də təhlükəsizlik və sülhün əsas təminatçısı statusunu qlobal səviyyədə tam təsdiqləmişdir. Tərəflər arasında hazırlanan genişmiqyaslı Əməkdaşlıq Sazişi isə bu uğurlu gələcəyin növbəti hüquqi təməli olacaq.

Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı

Oxşar Xəbərlər

Back to top button