
Qaradağ rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümü qeyd edilib.
Aktualinfo Media Qrup məlumat verir ki, iyulun 14-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 57-ci ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev yolu: müstəqilliyin, Zəfərin və Böyük Qayıdışın təməli” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Mübariz Qurbanlı, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, Milli Məclisin deputatı Səbinə Xasayeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açıq elan edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov iştirakçıları salamlayaraq bildirib ki, 1969-cu il iyulun 14-ü Azərbaycanın müasir dövlətçilik tarixində dönüş nöqtəsi, milli intibahın başlanğıcıdır. O qeyd edib ki, həmin tarixdən etibarən respublikanın həyatının bütün sahələrində köklü islahatlara başlanılıb, Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. İlqar İlyasov vurğulayıb ki, məqsədyönlü siyasət nəticəsində Azərbaycan keçmiş ittifaqın geridə qalmış respublikalarından birindən ən qabaqcıl respublikalarından birinə çevrilib. Sənayenin inkişafı, kənd təsərrüfatının modernləşdirilməsi, milli kadr hazırlığı, elm, təhsil və mədəniyyət sahələrində əldə olunan uğurlar gələcək müstəqilliyimizin möhkəm təməlini formalaşdırıb. Buna görə də 1969-cu il iyulun 14-ü xalqımızın taleyində mühüm dönüş nöqtəsi kimi tarixə həkk olunub. İlqar İlyasov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. O bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər ölkəmizi vətəndaş qarşıdurmasından, parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edib. Məhz onun uzaqgörən siyasəti nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub, hüquqi dövlət quruculuğunun əsası qoyulub, ordu quruculuğu gücləndirilib, milli həmrəylik möhkəmləndirilib və Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. İlqar İlyasov vurğulayıb ki, Heydər Əliyev siyasətinin ən mühüm nailiyyətlərindən biri də Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizin ən böyük siyasi qüvvəsi kimi xalqın etimadını doğruldur və dövlətimizin inkişafına mühüm töhfələr verir. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun olaraq uğurla davam etdirilir. İlqar İlyasov bildirib ki, bugünkü Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsidir. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə xalqımız tarixinin ən şanlı səhifəsini yazıb. 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər, 2023-cü ildə dövlət suverenliyimizin tam bərpa olunması və üçrəngli Dövlət Bayrağımızın ölkəmizin bütün ərazilərində qürurla dalğalanması Heydər Əliyev siyasi kursunun gücünü və həyatiliyini bir daha sübut edib. Çıxışını davam etdirən İlqar İlyasov vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzur dünyanın ən böyük bərpa və quruculuq məkanlarından birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə müasir şəhərlər və kəndlər salınır, yollar, hava limanları, məktəblər, xəstəxanalar, sənaye müəssisələri və digər sosial infrastruktur obyektləri inşa olunur. Vaxtilə doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın mərhələli şəkildə öz ata-baba torpaqlarına qayıdışı hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. Bu möhtəşəm quruculuq salnaməsi bir daha sübut edir ki, Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik fəlsəfəsi yaşayır, inkişaf edir və öz bəhrəsini verir. Rayon təşkilatının sədri qeyd edib ki, bu gün hər birimizin qarşısında duran əsas vəzifə Ulu Öndərin zəngin dövlətçilik irsini yaşatmaq, onun siyasi irsini gənc nəslə aşılamaq, milli maraqlarımıza sadiq qalmaq və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə əməli fəaliyyətimizlə dəstək verməkdir. O bildirib ki, Heydər Əliyev yolu Azərbaycanın sabitlik, inkişaf, qüdrət və qələbə yoludur.
Sonra çıxış edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Emil Abbasov bildirib ki, Azərbaycan xalqı 1969-cu il iyulun 14-dən 2020-ci il noyabrın 8-dək keçən 51 illik dövr ərzində şərəfli inkişaf yolu keçərək Ulu Öndərin müəyyən etdiyi strateji xətt üzrə möhtəşəm Zəfərə doğru inamla irəliləyib. Emil Abbasov qeyd edib ki, Heydər Əliyev həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdaraq Azərbaycanın dövlət müstəqilliyini qoruyub, ölkəni parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edib, güclü dövlət quruculuğunun əsasını yaradıb. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı 30 illik işğaldan azad edərək xalqımıza möhtəşəm Zəfər bəxş edib. Üçrəngli Dövlət Bayrağımızın Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrində dalğalanması Ulu Öndər Heydər Əliyevin arzularının gerçəkləşməsinin təntənəsidir.
Tədbirdə əsas məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişindən sonra həyata keçirdiyi genişmiqyaslı islahatlardan, ölkənin sosial-iqtisadi inkişafı istiqamətində gördüyü mühüm işlərdən ətraflı bəhs edib. Məruzəçi bildirib ki, Azərbaycanın son 57 illik tarixi bilavasitə Ulu Öndər Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlıdır. Həmin dövrdə baş vermiş mühüm ictimai-siyasi prosesləri və dövlətçilik tariximizin əsas mərhələlərini Heydər Əliyevin xidmətlərini nəzərə almadan dəyərləndirmək mümkün deyil. Mübariz Qurbanlı Ümummilli Liderin həyat yolu, aldığı təhsil, dövlət təhlükəsizlik orqanlarında qazandığı zəngin idarəçilik təcrübəsi və siyasi fəaliyyətindən ətraflı danışaraq bildirib ki, bütün bunlar onun 1969-cu ilin iyulunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi üçün möhkəm zəmin yaradıb. Mübariz Qurbanlı qeyd edib ki, 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq versə də, səhhətində yaranmış problemlərlə əlaqədar Heydər Əliyev namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. Bununla da Azərbaycanın davamlı inkişafını təmin edəcək siyasi varislik prinsipinin əsası qoyulub. Deputat vurğulayıb ki, bu gün ölkəmizin bütün sahələrində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu nəticələri aydın şəkildə görünür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib, işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işləri həyata keçirilir. Mübariz Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət və güclü ordu siyasəti nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu Qələbə ilə Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu gerçəkləşib. Hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır, Böyük Qayıdış Proqramı uğurla icra olunur və keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı təmin edilir.
Sonra çıxış edən Milli Məclisin deputatı Səbinə Xasayeva bildirib ki, Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, dünya miqyasında tanınan görkəmli dövlət və siyasi xadim olmaqla yanaşı, Azərbaycan gəncliyi üçün də əsl örnəkdir. Deputat qeyd edib ki, bu gün Azərbaycanın qazandığı bütün uğurlar, dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir. Səbinə Xasayeva vurğulayıb ki, sovet dövründə mövcud olan bütün çətinliklərə baxmayaraq, Heydər Əliyev iqtisadiyyatın, təhsilin, elmin, mədəniyyətin və sosial sahələrin inkişafına xüsusi diqqət yetirib, milli kadr hazırlığını daim prioritet hesab edib. O bildirib ki, bu gün Prezident İlham Əliyev həmin siyasi kursu müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir və Azərbaycan hərtərəfli inkişaf yolunda inamla irəliləyir.
Professor, Lökbatan Tibb Mərkəzinin direktoru Elçin Hüseynov çıxışında bildirib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bütün həyatı və çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətçiliyinə və xalqına xidmət nümunəsi olub. O qeyd edib ki, Ulu Öndər həm sovet dövründə, həm də müstəqilliyin bərpasından sonra səhiyyənin inkişafını daim diqqət mərkəzində saxlayıb, insanların sağlamlığının qorunmasına xüsusi qayğı göstərib. Elçin Hüseynov vurğulayıb ki, bu gün Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində ölkənin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə müasir tibb müəssisələri tikilir, səhiyyə infrastrukturu ən müasir avadanlıqlarla təchiz olunur və əhalinin sağlamlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Sonra çıxış edən YAP veteranı, 180 nömrəli tam orta məktəbin direktoru Atakişi Cəfərov Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən, xüsusilə təhsil və gənclər siyasətinə göstərdiyi böyük diqqət və qayğıdan danışıb. O bildirib ki, həm sovet dövründə, həm də müstəqillik illərində Heydər Əliyev milli kadr hazırlığını dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab edib, minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almasına geniş imkanlar yaradıb. Atakişi Cəfərov qeyd edib ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə insan kapitalının inkişafı, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənclərin müasir bilik və texnologiyalara yiyələnməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir.
II Qarabağ müharibəsi qazisi Bəhram Rəcəbli çıxışında şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər hər bir Azərbaycan vətəndaşı üçün əbədi qürur mənbəyidir.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarının təbliğində və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvləri fəxri fərmanlarla təltif olunublar.
Həmçinin Yeni Azərbaycan Partiyasına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.



