
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri Azərbaycan-Qırğızıstan ikitərəfli əlaqələrində strateji tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə keçidi rəsmiləşdirən tarixi bir hadisədir. İki ölkə arasında formalaşan bu yeni keyfiyyət mərhələsi həm ikitərəfli müstəvidə, həm də Türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı siyasi dialoqu ən yüksək hüquqi və siyasi müstəviyə qaldırdı.
Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclasının keçirilməsi və müvafiq Qərarın imzalanması siyasi və iqtisadi qərarların operativ və sistemli icrasına imkan yaradır.
Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarınadək artırılması planlaşdırılıb. Bu addım sənaye, kənd təsərrüfatı, energetika və logistika sahələrində birgə layihələrin maliyyələşdirilməsini sürətləndirəcək.
Mərkəzi Asiya ilə Cənubi Qafqazın birləşdirilməsi, Şərq-Qərb nəqliyyat dəhlizinin buraxılış qabiliyyətinin artırılması hər iki dövlət üçün strateji prioritetdir. Azərbaycan Qırğızıstan üçün Xəzər dənizi və Qafqaz vasitəsilə Avropa bazarlarına çıxış qapısı rolunu oynayır.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli formatlarda (xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində) fəal iştirakı regional təhlükəsizlik və iqtisadi dayanıqlılığı artırır.
Səfər zamanı Şuşa–Çolpon-Ata, Qəbələ–Karakol və Gəncə–Oş şəhərləri arasında qardaşlaşma memorandumları imzalanıb.
Qırğızıstanın dəstəyi ilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin inşası iki xalqın tarixi və mənəvi qardaşlığının əyani göstəricisidir.
Bu səfər Azərbaycan-Qırğızıstan münasibətlərini təkcə ikitərəfli siyasi bəyanatlar səviyyəsində saxlamır, onu mütəşəkkil iqtisadi inteqrasiya, birgə investisiyalar və strateji müttəfiqlik müstəvisinə yüksəldir.




