
Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstana dövlət səfəri adi diplomatik təmas çərçivəsindən çıxaraq, Avrasiya məkanında yeni güc qütbünün formalaşmasına xidmət edən strateji gediş kimi qiymətləndirilməlidir. Bakı və Bişkek arasında münasibətlərin ən yüksək səviyyəyə – “müttəfiqlik” səviyyəsinə qaldırılması regionun təhlükəsizlik və siyasi arxitekturasında ciddi dəyişikliklərin xəbərçisidir.
Müttəfiqlik statusu sadəcə bəyannamə xarakteri daşımır; o, qlobal və regional platformalarda sinxron fəaliyyət öhdəliyi yaradır. Prezident İlham Əliyevin “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” bəyanatı Azərbaycanın Mərkəzi Asiyada uzunmüddətli və institusional iştirak niyyətini təsdiqləyir. Çolpon-Ata Bəyannaməsinin imzalanması isə bu əməkdaşlığın hüquqi-siyasi pasportu rolunu oynayır.
Xüsusilə diqqətçəkən məqam Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasıdır. Bu, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya vektorunun sadəcə ikitərəfli əlaqələrlə məhdudlaşmadığını, bütöv bir regionla inteqrasiya hədəflədiyini göstərir. Dövlət başçılarının müvafiq olaraq ən yüksək dövlət mükafatları – 1-ci dərəcəli “Manas” və “Heydər Əliyev” ordenləri ilə təltif olunması isə siyasi elitalar arasında qeyd-şərtsiz etimadın göstəricisidir.
Bu səfər Azərbaycanın Cənubi Qafqazın hüdudlarını aşaraq, Şərq-Qərb dəhlizinin aparıcı siyasi moderatoruna çevrilməsi prosesinin məntiqi davamıdır.
Şövqiyyə Əliyeva,
Nizami rayonu 12 saylı məktəbin müəllimi


