
Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı baş tutan ali mükafatlandırma mərasimi ölkələrimiz arasındakı strateji ittifaqın nə qədər güclü və səmimi olduğunu göstərdi. Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı olan 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunması Azərbaycan dövlətinin və xalqının fəaliyyətinə verilən ən yüksək qardaşlıq qiymətidir.
Bununla yanaşı, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycanın ən ali dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif edilməsi iki lider arasındakı dərin hörmətin və şəxsi dostluğun göstəricisidir. Ulu Öndər Heydər Əliyevin adını daşıyan bu orden qardaş dövlətin rəhbərinə xüsusi etimadın və tarixi bağların rəmzi kimi təqdim edilmişdir.
Müttəfiqlik və qardaşlıq münasibətlərinin bu cür ali mükafatlarla rəsmiləşdirilməsi təkcə dövlət başçıları üçün deyil, bütövlükdə xalqlarımız üçün böyük qürur mənbəyidir. Bu təltiflər iki ölkənin gələcək uğurları naminə atılacaq birgə addımların sarsılmaz təminatıdır.
Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı



