Laçın: Ekoloji Təmizlik, Yaşıl Enerji və Dayanıqlı Gələcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində tətbiq olunan yaşıl enerji strategiyasının öncülü olan Laçın rayonu ekoloji təmiz tərəqqinin unikal modelini nümayiş etdirir. İşğal illərində təbii resursları amansızcasına talan edilən bu zəngin bölgə, azadlığa qovuşduqdan sonra ekoloji baxımdan tamamilə bərpa edilmişdir. Həkəri və Zabux çayları üzərində inşa olunan kiçik su elektrik stansiyaları rayonun enerji tələbatını tamamilə bərpa olunan mənbələr hesabına ödəyir.
Rayonda fəaliyyət göstərən SES-lər, o cümlədən Güləbird, Mişni, Alxaslı, Zabux, Qarıqışlaq, Aşağı Malıbəyli, Mirik və Ağbulaq stansiyalar ölkənin vahid enerji sisteminə inteqrasiya olunmuşdur. 2026-cı ilin iyulunda Hoçaz çayı üzərində açılan yeni stansiyalarla birlikdə Laçının enerji təminatı tam ödənilmiş, artıq qalan enerji isə ölkənin mərkəzləşmiş enerji sisteminə ötürülməyə başlanmışdır. Eyni zamanda, “Həkəriçay” su anbarının təməlinin qoyulması regionun su təhlükəsizliyini təmin edən strateji addımdır.
Ekoloji tarazlığın qorunması ilə yanaşı, rayonda prefabrik modul evlərin istehsalı müəssisəsi fəaliyyət göstərir ki, burada zəlzələyə davamlı, ekoloji cəhətdən təmiz və uzunömürlü tikinti materialları hazırlanır. Kəndlərin bərpası zamanı da yaşıl enerji prinsiplərinə üstünlük verilərək Zabux, Sus və Bəylik kəndlərində evlərin və küçələrin işıqlandırılmasında günəş panellərindən istifadə olunur. Bu yanaşma ətraf mühitə mənfi təsirləri minimuma endirir.
Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində minlərlə laçınlı otuz ildən sonra doğma yurdlarına qayıdaraq müasir evlərdə məskunlaşmışdır. Zabux və Sus kəndlərində, eləcə də Laçın şəhərində inşa edilən məktəblər, uşaq bağçaları və tibb məntəqələri sakinlərin rahatlığını təmin edir. Laçın Aqro-Sənaye Parkında yaradılan müəssisələr isə əhalinin məşğulluğunda mühüm rol oynayır.
Laçının yaşıl enerji və ekoloji dayanıqlılıq siyasəti Azərbaycanın qlobal iqlim hədəflərinə verdiyi mühüm töhfədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu islahatlar Laçını gələcəyin ən təmiz və modern rayonuna çevirmişdir.
Zəhra Xudiyeva,
YAP Nizami rayon təşkilatının fəalı



