
Xocalı Azərbaycan xalqının yaddaşında xüsusi və ağır mənəvi yük daşıyan şəhərdir. 1992-ci il fevralın 26-da burada dinc əhaliyə qarşı törədilmiş faciə Azərbaycanın müasir tarixinin ən ağrılı səhifələrindən biri olaraq qalır. Prezidentin 25 fevral 2025-ci il tarixli sərəncamında da Xocalı faciəsinin qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması nəzərdə tutulub. Sərəncamda həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin və Böyük Qayıdış prosesinin davam etdiyi qeyd edilir.
Xocalının tarixində yeni mərhələ 2023-cü ilin sentyabrında başladı. Azərbaycanın dövlət suverenliyinin bərpasından sonra şəhər yenidən ölkənin idarəçilik və quruculuq sisteminə daxil oldu. Lakin Xocalının dirçəldilməsi yalnız binaların bərpası demək deyil. Burada tarixi yaddaşın qorunması ilə gələcək həyatın qurulması paralel şəkildə aparılır. Memorial kompleksin yaradılması məhz bu iki istiqamətin – yaddaş və gələcək anlayışlarının bir araya gətirilməsinə xidmət edir. Bir tərəfdən faciə qurbanlarının xatirəsi yaşadılır, digər tərəfdən Xocalıda yeni həyat qurulur.
Xocalıda Böyük Qayıdışın başlaması isə şəhərin taleyində tamamilə yeni səhifə açıb. Rəsmi məlumata görə, keçmiş məcburi köçkünlərin Xocalıya qayıdışı 2024-cü il mayın 28-dən başlayıb. Bu qayıdışın arxasında genişmiqyaslı infrastruktur işləri dayanır. İnsanların yaşayacağı evlərin tikilməsi ilə yanaşı, məktəblərin, sosial obyektlərin, yolların və digər kommunal imkanların yaradılması şəhərin normal həyat üçün hazırlanmasını təmin edir. 2025-ci ildə Xocalının Təzəbinə kəndində də fərdi evlərin və infrastrukturun bərpası istiqamətində işlər davam etdirilib.
Xocalının gələcəyini yalnız keçmişin faciəsi ilə təsəvvür etmək artıq mümkün deyil. Bu şəhərin yaddaşı qorunacaq, lakin onun küçələrində yeni həyat da davam edəcək. Uşaqlar burada məktəbə gedəcək, ailələr evlərində yaşayacaq, insanlar öz doğma torpaqlarında gələcək planlarını quracaqlar. Bu mənada Xocalıya qayıdış həm tarixi ədalətin, həm də həyatın davamlılığının simvolik ifadəsidir. Xocalı bu gün yaddaşımızın şəhəri olmaqla yanaşı, Böyük Qayıdışın və yeni həyatın şəhərinə də çevrilir.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



