
Azərbaycan dövləti beynəlxalq arenada özünün sülhsevər, birləşdirici və multikultural dəyərlərə sadiq simasını uğurla nümayiş etdirməkdədir. Sentyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələrindən ibarət heyəti qəbul etməsi bu istiqamətdə atılmış mühüm tarixi addımdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutan bu görüşdə Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, habelə Şimali Qafqaz və Gürcüstanın müsəlman rəhbərləri iştirak etmişdir. Dövlət başçısı çıxışında vurğuladı ki, böyük nüfuza malik dini rəhbərlərin Bakıda bir araya gəlməsi region xalqları arasındakı qardaşlıq tellərini daha da sıxlaşdırır və qlobal müstəvidə Azərbaycanın birləşdirici rolunu təsdiqləyir.
Görüş zamanı Prezident İlham Əliyev ölkəmizin tarixi köklərinə və mənəvi sərvətlərinə geniş yer ayırdı. O bildirdi ki, Bakıda eyni günlərdə həm dini rəhbərlərin 7-ci toplantısının, həm də dahi mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr edilmiş beynəlxalq konfransın keçirilməsi böyük məna daşıyır. Azərbaycanın bəşəriyyətə bəxş etdiyi dühaların adlarını sadalayan Prezident qeyd etdi ki, qədim Qəbələ və Naxçıvan şəhərlərinin tarixi Qafqaz və Türk dünyasının vahid bir coğrafiya olduğunu sübut edir. TDT daxilində yeganə Qafqaz dövləti olan Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə hər iki böyük sivilizasiya arasında möhkəm körpü rolunu oynamağa davam edir.
Müasir dünyada baş verən proseslərə və İslam coğrafiyasındakı çağırışlara diqqət çəkən Prezident İlham Əliyev, bəzi xarici qüvvələrin müsəlman aləmində ixtilaflar yaratmaq cəhdlərindən narahatlığını ifadə etdi. O bildirdi ki, Azərbaycan təmsil olunduğu bütün qurumlarda barışdırıcı və əməkdaşlığa xidmət edən bir dövlət kimi çıxış edir. IV İslam Həmrəylik Oyunlarının uzaqgörənliklə idman yarışından çox, böyük birlik bayramı kimi təşkil edildiyini deyən dövlət başçısı, gələn il Bakıda keçiriləcək İƏT Zirvə Görüşünün müsəlman ölkələri arasındakı anlaşılmazlıqlara son qoyacağına, İslamı hədəf alan ünsürlərin yerinə oturdulacağına ümidvar olduğunu bəyan etdi.
Prezident İlham Əliyevin çıxışının ən mühüm tezislərindən biri də Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfəri və işğaldan azad olunmuş ərazilərdəki yenidənqurma işləri oldu. Qonaqların Qarabağa planlaşdırılan səfəri ərəfəsində dövlət başçısı, Ermənistanın 30 illik işğalı dövründə 65 məscidi dağıtması, mədəni irsimizi talan etməsi faktlarını xatırlatdı. Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz qanı və canı bahasına ədaləti bərpa etmiş, separatizmə son qoymuşdur. Bu gün Qarabağda “Böyük Qayıdış” layihəsi çərçivəsində 90 mindən çox insanın öz yurduna qayıtması, Azərbaycan dövlətinin gücünü və İlham Əliyev siyasətinin mütləq qələbəsini nümayiş etdirir.
Bahadur Şahverdiyev,
YAP Nizami rayon təşkilatının “Oqtay Vəliyev küçəsi, 72 ” ərazi partiya təşkilatının sədri



