AnalitikaDünyaGündəmSiyasət

Qafqaz və Türk Dünyasının Həmrəylik Ünvanı: Prezident İlham Əliyevin Qəbulu

Dünyada və bölgədə baş verən geosiyasi dəyişikliklər fonunda Azərbaycan həm diplomatik, həm də mənəvi sahədə güclü sabitlik və tərəqqi adası olaraq qlobal proseslərə müsbət təsir göstərir. Sentyabrın 15-də Prezident İlham Əliyevin Bakıda keçirdiyi yüksək səviyyəli qəbul bu mövqenin növbəti təsdiqidir. Dövlət başçısı Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, Yəhya Bakuvi Beynəlxalq Konfransının iştirakçılarını və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərək, regional qardaşlığı daha da möhkəmləndirdi. Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələrin və Şimali Qafqaz respublikalarının ali dini rəhbərlərinin iştirakı ilə keçirilən bu görüş, Prezident İlham Əliyevin həm Türk, həm də İslam dünyasında qarşılıqlı hörmətə və sülhə əsaslanan birliyin qurulması istiqamətində apardığı uzaqgörən siyasətin əyani sübutu idi.

Görüş zamanı Prezident İlham Əliyev ölkəmizin mədəni və tarixi dəyərlərinə geniş yer ayırdı və xalqımızın bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi töhfələri xüsusi qeyd etdi. O, TDT-nin dini rəhbərlərinin Zirvə toplantısı ilə eyni günlərdə böyük mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmuş konfransın keçirilməsinin tarixi məna daşıdığını vurğuladı. Nizami Gəncəvi, İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi dahilərin irsinin yalnız Azərbaycanın yox, bütün İslam aləminin ortaq sərvəti olduğunu bildirən dövlət başçısı, həmçinin Azərbaycanın tarixi coğrafiyasından danışdı. O qeyd etdi ki, Qafqaz Albaniyasının və Atabəylər dövlətinin mövcud olduğu bu torpaqlar tarixən Qafqaz və Türk dünyasını bir-birinə bağlamış və TDT daxilində yeganə Qafqaz ölkəsi kimi Azərbaycan bu mühüm birləşdirici estafeti bu gün də qürurla davam etdirir.

İslam dünyasında müşahidə olunan mürəkkəb siyasi proseslərə və xarici müdaxilələrə diqqət çəkən Prezident İlham Əliyev, müsəlman ümmətinin həmrəyliyinin vacibliyini xüsusi vurğuladı. O bildirdi ki, Azərbaycan İslam ölkələri arasındakı qardaşlığı bəyanatlarla deyil, atdığı davamlı əməli addımlarla dəstəkləyir. 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarının böyük qardaşlıq və birlik nümayişi olduğunu deyən dövlət başçısı, gələn il keçiriləcək İƏT Zirvə Görüşünə ev sahibliyinin ölkəmizin bu siyasətinin məntiqi davamı olduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, İslam dininə kənardan vurulmaq istənilən zərbələrin qarşısının alınması yalnız müsəlman dövlətlərinin və xalqlarının ziddiyyətləri kənara qoyaraq vahid, güclü bir ailə kimi birləşməsi halında mümkündür.

Prezident İlham Əliyev görüş zamanı nümayəndə heyətinin Qarabağa – Ağdam, Xankəndi, Xocalı və Şuşaya edəcəyi səfərin tarixi reallıqları görmək baxımından əhəmiyyətinə xüsusi diqqət çəkdi. Dövlət başçısı Ermənistanın 30 illik işğalı dövründə 65 məscidin yerlə-yeksan edilməsini və müqəddəs yerlərimizdə heyvan saxlanmasını bütün İslam sivilizasiyasına qarşı törədilmiş həqarət kimi xarakterizə etdi. Buna rəğmən, qürurla bildirdi ki, Azərbaycan xalqı rəşadətli Ordusu ilə, hərbi güc və qəhrəmanlıq nümayiş etdirərək tarixi ədaləti özü bərpa etdi. Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində azad edilmiş bölgələrdə 90 mindən çox insanın yenidən məskunlaşması, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qurucu qüdrətini və xalqımızın mütləq Zəfərini bütün dünyaya əyani şəkildə nümayiş etdirir.

Aysel Əliyeva,
YAP Nizami rayon təşkilatının “Rüstəm Rüstəmov küçəsi, 56” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button