AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin çıxışında ortaq təhlükəsizlik arxitekturası

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarını qəbul edən Prezident İlham Əliyev çıxışında təhlükəsizlik məsələlərinə geniş yer ayırıb. Dövlət başçısının diqqət çəkdiyi əsas məsələlərdən biri TDT məkanında təhlükəsizlik sahəsində dialoqun inkişaf etdirilməsi və ortaq təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır. Rəsmi müraciətdə də Təhlükəsizlik Şuraları katiblərinin müntəzəm görüşlərinin ortaq təhdid və risklərin müəyyənləşdirilməsinə xidmət etdiyi vurğulanıb.

Bu yanaşma TDT-nin fəaliyyət dairəsinin genişləndiyini göstərən amillərdən biridir. Əvvəllər əsasən iqtisadi, siyasi, mədəni və humanitar əməkdaşlıqla xarakterizə olunan Türk dövlətləri arasındakı münasibətlərdə təhlükəsizlik məsələlərinin də daha sistemli şəkildə müzakirə olunması diqqət çəkir. Bunun əsas səbəblərindən biri müasir təhdidlərin sərhəd tanımayan xarakter almasıdır.

Prezident İlham Əliyevin çıxışında terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, dini ekstremizm, hibrid təhdidlər və kritik infrastrukturun mühafizəsi kimi məsələlərin qeyd edilməsi təhlükəsizlik gündəliyinin genişliyini göstərir. Bu məsələlərin bir çoxunun ayrı-ayrı dövlətlər tərəfindən təkbaşına həllinin çətinliyi regional əməkdaşlığın əhəmiyyətini artırır.

Bakı görüşü bu baxımdan TDT ölkələrinin təhlükəsizlik qurumları arasında əlaqələrin institusional əsaslarını möhkəmləndirən tədbir kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin vurğuladığı məlumat və təcrübə mübadiləsi mexanizmləri gələcəkdə təhlükəsizlik sahəsində daha koordinasiyalı fəaliyyət üçün əlavə imkanlar yarada bilər.

Zərifə Məmmədova, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button