AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Böyük Zəfərin əbədi təntənəsi: Güclü dövlət, bütöv Vətən, azad gələcək

27 Sentyabr Anım Günündən başlayan 44 günlük Vətən müharibəsi və tam suverenliyimizin bərpası ilə nəticələnən tarixi süreç Azərbaycanın çoxəsrlik salnaməsinə qızıl hərflərlə yazıldı. Bu Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası deyil, həm də milli qürurumuzun, sınmaz iradəmizin və dövlətçilik qüdrətimizin bütün dünyaya nümayişi oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi sayəsində otuz illik həsrətə son qoyuldu. Bu gün azad edilmiş Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər doğma yurdlarımızda dalğalanan üçrəngli bayrağımız dövlətimizin əbədi suverenliyinin rəmzidir.

Böyük Zəfərin bizə qoyduğu ən ali mənəvi irs şəhidlərimizin müqəddəs xatirəsidir. Canlarını Vətən uğrunda fəda etmiş qəhrəman övladlarımız azad və bütöv bir Azərbaycan qoyub getdilər. Onların azad etdiyi torpaqlarda bu gün ucalan yeni şəhərlər, açılan məktəblər, bərpa olunan abidələr və yenidən eşidilən azan və muğam səsləri şəhidlərimizin ruhuna olan en böyük ehtiramdır.

30 məqaləlik bu silsilə göstərir ki, 27 Sentyabrdan başlayan yol mübarizə, həmrəylik, Zəfər və quruculuq yoludur. Gələcək nəsillərin üzərinə düşən ən şərəfli vəzifə bu böyük Zəfəri, bütöv Vətəni və sarsılmaz müstəqilliyi göz bəbəyi kimi qorumaq, güclü Azərbaycanı daha da yüksəklərə qaldırmaqdır.

Zəfərimiz əbədi, dövlətimiz qüdrətli, birliyimiz sarsılmaz olsun!

Sevda Cabbarova,
YAP Nizami rayon təşkilatının “Babək prospekti, 75” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button