
Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayı ölkəmizin siyasi və ictimai həyatında keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı kimi tarixdə qalmışdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qurultayda etdiyi proqram xarakterli geniş çıxış təkcə partiyanın gələcək fəaliyyət istiqamətlərini deyil, bütövlükdə postmüharibə dövründə dövlətimizin strateji inkişaf prioritetlərini müəyyən etdi.
Prezident İlham Əliyev öz çıxışında ilk növbədə 44 günlük Vətən müharibəsində qazanılmış Muzaffər Qələbənin tarixi və siyasi əhəmiyyətinə diqqət çəkdi. 30 ilə yaxın davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpası və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası Azərbaycanın həm hərbi, həm də diplomatik müstəvidə qazandığı möhtəşəm uğurdur.
Dövlət başçısı vurğuladı ki, əldə olunmuş Qələbə regionda tamamilə yeni siyasi və geoiqtisadi reallıqlar yaradıb. Bu reallıqlar yalnız Azərbaycanın daxili inkişafı üçün deyil, bütövlükdə Cənubi Qafqazın sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi üçün geniş imkanlar açır.
Qurultayda qəbul edilən mühüm qərarlardan biri YAP-ın yeni Nizamnaməsinin qəbul olunması və partiyanın strukturlarında aparılan kadr, təşkilati dəyişikliklər idi. Ölkə başçısı qeyd etdi ki, zamanın tələblərinə uyğun olaraq siyasi sistemin təkmilləşdirilməsi və YAP-ın bu prosesdə öncül rol oynaması zəruridir.
Çıxışda xüsusi xətt boyunca keçən məqamlardan biri də ölkədə siyasi dialoq mühitinin dərinləşdirilməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, milli məsələlərdə, xüsusilə Vətən müharibəsi dövründə siyasi partiyaların nümayiş etdirdiyi həmrəylik yeni siyasi mədəniyyətin göstəricisidir. Bu dialoq və həmrəylik mühiti postmüharibə dövründə də dövlətçiliyin möhkəmləndirilməsi üçün əsas sütunlardan birini təşkil edir.
Prezident İlham Əliyev çıxışında növbəti illərdə dövlətin və cəmiyyətin qarşısında duran əsas vəzifələri aydın şəkildə sıraladı. İşğaldan azad edilmiş ərazilərdə sürətli yenidənqurma, infrastruktura sərmayə qoyuluşu və “Böyük Qayıdış” proqramının uğurla icrası bir nömrəli milli vəzifədir. Müharibədən sonra da hərbi qüdrətin artırılması və iqtisadiyyatın şaxələndirilməsi prosesi aramsız davam etdirilməlidir.Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli adət-ənənələrə və dövlətçilik prinsiplərinə sədaqəti dövlətin uzunmüddətli təhlükəsizliyinin zəmanətidir.
Prezident İlham Əliyevin YAP-ın VII Qurultayındakı çıxışı Azərbaycanın Zəfərdən sonra keçdiyi inkişaf yolunun konseptual xəritəsidir. Bu çıxış birlik, siyasi sabitlik, böyük quruculuq və güclü dövlətçilik ideyalarının təntənəsi olmaqla yanaşı, Azərbaycanın gələcək uğurlarına işıq tutur.
Həmidə Əliəvsərova,
KBTRL-nin həkim-pediatr



