GündəmSiyasət

YAP-ın VIII Qurultayı yeni siyasi mərhələnin və mühüm vəzifələrin başlanğıcıdır

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 152” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov VIII Qurultayın partiyanın gələcək fəaliyyət strategiyasının müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər ölkənin davamlı inkişafı, milli maraqların qorunması və yeni hədəflərə çatmaq istiqamətində partiya üzvlərinin qarşısında mühüm vəzifələr müəyyənləşdirir.

Daha sonra çıxış edən 3 saylı Poçt Filialının rəisi Mircavid Hüseynov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. O qeyd edib ki, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, möhkəmlənən dövlətçilik ənənələri və həyata keçirilən məqsədyönlü siyasət qarşıya yeni vəzifələr qoyur. Bu baxımdan partiya üzvlərinin üzərinə düşən məsuliyyətin dərk edilməsi, ictimai fəallığın artırılması və dövlət siyasətinə dəstəyin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən digər natiqlər də YAP-ın VIII Qurultayının əhəmiyyətinə toxunaraq, qurultayda müəyyənləşdirilən prioritetlərin həyata keçirilməsində partiya üzvlərinin fəallığının vacibliyini vurğulayıblar. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar ölkəmizin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Yeni mərhələdə partiya üzvlərinin təşəbbüskarlığı, məsuliyyətli fəaliyyəti və cəmiyyətlə sıx əlaqələri qarşıya qoyulan məqsədlərə nail olunmasına mühüm töhfə verə bilər.

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button