
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Energetik küçəsi, 5” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə, sənaye müəssisələrinin qarşısında duran hədəflərə və ölkədə sahibkarlığın inkişafına həsr olunmuş görüş keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərin ölkənin sosial-iqtisadi inkişafında, sənaye potensialının gücləndirilməsində və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasında mühüm rol oynadığını vurğulayıb. Rəşadət Xalıqov qeyd edib ki, dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı, özəl sektorun inkişafına yaradılan əlverişli şərait, eləcə də sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edir.
Daha sonra çıxış edən Bakı İnşaat Sənaye ASC-nin İdarə Heyətinin sədri Ramiz Əhmədov sənaye sahəsinin inkişaf perspektivlərindən, müəssisələrin qarşısında duran vəzifələrdən və dövlətin sahibkarlığın inkişafına göstərdiyi dəstəyin əhəmiyyətindən bəhs edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin sənaye müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, istehsal imkanlarının artırılması və yeni hədəflərin reallaşdırılması üçün mühüm zəmin yaratdığını bildirib.
Görüşdə həmçinin YAP-ın VIII Qurultayından irəli gələn tapşırıq və tövsiyələr diqqətə çatdırılıb, partiya üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəallığının artırılmasının, dövlətçilik prinsiplərinə sadiqliyin və ictimai-siyasi proseslərdə yaxından iştirakın vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

















