AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin rəhbərliyi ilə Qubadlı zəfərinə aparan yol

2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi Azərbaycanın Vətən müharibəsində qazandığı mühüm tarixi qələbələrdən biri oldu. Bu zəfər Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin, Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətinin və xalqımızın milli birliyinin nəticəsi kimi tarixə düşdü. Qubadlının azad olunması uzun illər doğma yurdlarından ayrı düşmüş sakinlərin qayıdış ümidlərini gerçəkləşdirən mühüm hadisə idi.

Vətən müharibəsinin gedişində Azərbaycan Ordusu ardıcıl əməliyyatlarla işğal altındakı ərazilərin azad edilməsinə nail olurdu. Cəbrayıl və Zəngilan istiqamətlərində əldə olunan uğurlar Qubadlı əməliyyatı üçün əlverişli şərait yaratdı. Mürəkkəb dağlıq relyefdə aparılan döyüşlər hərbçilərimizdən xüsusi hazırlıq, çeviklik və böyük cəsarət tələb edirdi. Azərbaycan əsgər və zabitləri bütün çətinliklərə baxmayaraq, qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirdilər.

Pezident İlham Əliyev müharibə dövründə qətiyyətli siyasi mövqeyi və ardıcıl fəaliyyəti ilə xalqın qələbə əzmini gücləndirirdi. Dövlət başçısının Azərbaycan Ordusunun uğurlarını ictimaiyyətə çatdırması, beynəlxalq platformalarda Azərbaycanın haqq mövqeyini müdafiə etməsi və milli birliyə çağırışları qələbənin mənəvi-siyasi əsaslarını möhkəmləndirirdi. “Qarabağ Azərbaycandır!” bəyanatı xalqımızın iradəsini ifadə edən tarixi çağırışa çevrilmişdi.

Qubadlı əməliyyatı hərbi-strateji baxımdan da mühüm əhəmiyyət daşıyırdı. Şəhərin azad edilməsi Azərbaycan Ordusunun mövqelərini gücləndirdi, Laçın istiqamətində irəliləmək üçün əlavə imkanlar yaratdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlının azad olunması Şuşa zəfərinə aparan yolda mühüm mərhələlərdən biri idi. Noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin nəticələrinə həlledici təsir göstərdi.

Bu gün Qubadlıda aparılan bərpa və quruculuq işləri tarixi qələbənin davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə yaşayış məhəllələrinin, yolların, enerji və sosial infrastrukturun yaradılması istiqamətində mühüm addımlar atılır. Böyük Qayıdış proqramı çərçivəsində Qubadlı sakinlərinin doğma torpaqlarına qayıtması üçün şərait formalaşdırılır. Qubadlının dirçəlişi Azərbaycan dövlətinin gücünün, xalqımızın birliyinin və şəhidlərimizin müqəddəs amalının təcəssümüdür.

Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button