AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfər Günü: Tarixi ədalətin, milli birliyin və qürurun təntənəsi

Azərbaycan xalqının çoxəsrlik şanlı tarixində elə parlaq səhifələr var ki, illər keçdikcə onların əzəməti və tarixi dəyəri daha qabarıq şəkildə üzə çıxır. 2020-ci ilin payızında yazılan 44 günlük Vətən müharibəsi və bu şanlı zəfərin zirvəsi olan 8 Noyabr – Zəfər Günü məhz belə əbədiyaşar qürur mənbəyimizdir. Bu tarix sadəcə hərbi qələbənin deyil, həm də ləyaqətin, haqqın və ədalətin bərpa olunduğu müqəddəs bir gündür.

1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının – Dağlıq Qarabağ və ətraf 7 rayonun işğal olunması xalqımızın ürəyində sağalmaz yara açmışdı. Bir milyondan çox soydaşımız öz doğma yurd-yuvalarından didgün düşmüş, məcburi köçkün həyatı yaşamalı olmuşdu. Lakin xalqımız bu haqsızlıqla heç vaxt barışmadı.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan iqtisadi cəhətdən gücləndi, beynəlxalq aləmdə mövqelərini möhkəmləndirdi və ən əsası, qüdrətli bir Ordu formalaşdırdı.

2020-ci il sentyabrın 27-də işğalçı düşmənin növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına – “Dəmir Yumruq” əməliyyatına başladı. Bu savaşda bütün Azərbaycan xalqı bir nəfər kimi yumruq kimi birləşdi. Ön cəbhədə rəşadət göstərən əsgər və zabitlərimiz ölümün gözünə dik baxaraq hər qarış torpağımızı düşməndən təmizləyir, arxa cəbhədə isə vətəndaşlarımız ordumuza yorulmadan dəstək olurdu.

Hərb tarixinin yeni səhifəsini yazan Azərbaycan əsgəri müasir texnologiyadan, yüksək taktikadan və misilsiz qəhrəmanlıqdan istifadə edərək keçilməz hesab edilən istehkamları yarıb keçdi.

Vətən müharibəsinin taleyini həll edən həlledici məqam şübhəsiz ki, mədəniyyət paytaxtımız, Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi oldu. Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa Şuşanın işğaldan azad olunduğunu müjdələdi. Sıldırım qayalara dırmaşan qəhrəman hərbçilərimizin əlbəyaxa döyüşlərlə düşməni məhv etməsi və üçrəngli bayrağımızı Şuşada dalğalandırması düşmənin diz çökdürülməsi və kapitulyasiya aktına imza atması ilə nəticələndi.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə hər il 8 Noyabr ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunmağa başlandı.

Bu gün qürurla qeyd etdiyimiz Zəfər hər şeydən əvvəl canından keçən şəhidlərimizin qanı, qazilərimizin şücaəti bahasına əldə olunub. Azərbaycan dövləti və xalqı hər zaman şəhidlərin xatirəsini uca tutur, onların ailələrinə, eləcə də sağlamlığını Vətən yolunda fəda etmiş qazilərimizə hərtərəfli diqqət və qayğı göstərir. Onların fədakarlığı heç vaxt unudulmayacaq.

Zəfər Günü yalnız keçmişin qürurunu deyil, həm də gələcəyin işıqlı mənzərəsini özündə ehtiva edir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bu gün möhtəşəm bərpa və quruculuq işləri həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində müasir kəndlər, qəsəbələr salınır, yollar, hava limanları, məktəblər və xəstəxanalar tikilir. Doğma yurdlarına qovuşan keçmiş məcburi köçkünlərin sevinc göz yaşları bu torpaqlarda həyatın yenidən dirçəldiyinin sübutudur.

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının əyilməz iradəsinin, milli qürurunun və haqq uğrunda mübarizəsinin şah əsəridir. Bu gün Azərbaycan qalib dövlət, xalqımız isə qalib xalq olaraq yaşayır. Üçrəngli müqəddəs bayrağımızın suveren torpaqlarımızda əbədi dalğalanması hər bir azərbaycanlıya sonsuz qürur bəxş edir.

Zəfər Bayramımız mübarək olsun!

Aişə Qasımova,
Nizami rayonunun fəal gənci, BDU-nun tələbəsi

Oxşar Xəbərlər

Back to top button