
Milli suverenlik dövlətin öz ərazisi, siyasi sistemi və daxili idarəçilik mexanizmləri üzərində müstəqil qərar qəbul etmək hüququnu ifadə edir. Bu prinsip müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin bərabərliyinin və müstəqilliyinin əsas göstəricilərindən sayılır. Azərbaycan Respublikasının Konstitusiyası milli suverenliyi dövlətçilik modelinin fundamental prinsipi kimi müəyyənləşdirərək ölkənin siyasi və hüquqi müstəqilliyinin təminatlarını formalaşdırıb.
1995-ci il Konstitusiyasının qəbul edilməsi Azərbaycanın suveren dövlət kimi hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından mühüm mərhələ idi. Əsas Qanunda hakimiyyətin mənbəyinin xalq olduğu, dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasının prioritet təşkil etdiyi təsbit edildi. Bu prinsiplər Azərbaycanın daxili və xarici siyasətinin hüquqi çərçivəsini müəyyən etməklə yanaşı, milli maraqların müdafiəsi üçün institusional baza yaratdı.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik strategiyasında suverenliyin qorunması əsas prioritetlərdən biri olub. Onun rəhbərliyi ilə həyata keçirilən siyasi sabitlik, iqtisadi inkişaf və beynəlxalq əlaqələrin genişləndirilməsi Azərbaycanın müstəqil siyasət yürütmək imkanlarını gücləndirdi. Dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi sistemin formalaşdırılması suverenliyin yalnız formal deyil, real siyasi məzmun qazanmasına xidmət etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın suverenlik imkanları daha da genişləndi. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ oldu. 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suveren dövlət hakimiyyəti bərpa edildi. Bu hadisələr dövlətin konstitusion prinsiplərinin ölkənin bütün ərazisində təmin olunması baxımından mühüm tarixi və siyasi əhəmiyyət daşıyır.
Müasir Azərbaycanın inkişaf modeli göstərir ki, milli suverenliyin qorunması hərbi güc, iqtisadi müstəqillik, siyasi sabitlik və hüquqi institutların effektiv fəaliyyəti ilə sıx bağlıdır. Konstitusiya bu amillərin vahid dövlətçilik sistemi daxilində əlaqələndirilməsini təmin edən əsas hüquqi sənəddir. Azərbaycanın gələcək inkişafı da suverenliyin möhkəmləndirilməsi, qanunun aliliyinin təmin edilməsi və milli maraqlara əsaslanan siyasətin davam etdirilməsi ilə bağlıdır.
Gövhər Məmmədova,
YAP Nizami rayon təşkilatının “Bəhruz Nuriyev küçəsi, 15” ərazi partiya təşkilatının sədr müavini



