
Milli birlik müstəqil dövlətin təhlükəsizliyinin, siyasi sabitliyinin və davamlı inkişafının əsas şərtlərindən biridir. Tarixi təcrübə göstərir ki, xarici təhdidlərə və daxili çağırışlara qarşı dayanıqlı dövlət qurmaq üçün cəmiyyətin ümumi milli maraqlar ətrafında birləşməsi vacibdir. Azərbaycan Respublikasının Konstitusiyası xalqın vahid siyasi iradəsini və dövlətçiliyin ümumi prinsiplərini ifadə etməklə milli birliyin hüquqi əsaslarını formalaşdırır.
Azərbaycan xalqının dövlətçilik tarixi müxtəlif sınaqlarla zəngindir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti milli müstəqillik ideyasının siyasi təcəssümü olsa da, qısa müddət fəaliyyət göstərdi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra isə ölkə yeni siyasi və təhlükəsizlik problemləri ilə qarşılaşdı. Məhz belə bir mürəkkəb şəraitdə ümummilli maraqların qorunması və cəmiyyətin vahid dövlətçilik ideyası ətrafında birləşdirilməsi mühüm əhəmiyyət daşıyırdı.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti milli birlik və sabitliyin təmin olunması baxımından xüsusi rol oynadı. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət müxtəlif ictimai və siyasi qüvvələrin dövlətçilik maraqları ətrafında birləşməsinə, dövlət institutlarının möhkəmlənməsinə və siyasi sabitliyin bərqərar olmasına şərait yaratdı. 1995-ci il Konstitusiyası isə bu birliyin hüquqi və siyasi əsaslarını müəyyənləşdirdi.
2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi həmrəylik milli birliyin real gücünü ortaya qoydu. Cəmiyyətin müxtəlif təbəqələrinin vahid məqsəd ətrafında birləşməsi, ordunun və dövlət rəhbərliyinin ətrafında formalaşan ictimai dəstək tarixi Zəfərin mühüm amillərindən biri oldu. Bu birlik ölkənin suverenliyinin bərpası prosesində də öz əhəmiyyətini qoruyub saxladı.
Müasir Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qazanılmış siyasi və tarixi nailiyyətləri davamlı ictimai həmrəyliyə çevirməkdir. Konstitusion dəyərlərə hörmət, hüquqi bərabərlik, qarşılıqlı məsuliyyət və milli maraqlara sədaqət bu prosesin əsas şərtləridir. Milli birlik yalnız tarixi hadisələr zamanı deyil, gündəlik dövlətçilik fəaliyyətində də qorunmalı və inkişaf etdirilməlidir.
Gülsüm Hacıyeva,
YAP Nizami rayon təşkilatının “Məmmədəli Şərifli küçəsi, 159” ərazi partiya təşkilatının sədri



