
Müstəqil dövlətin mövcudluğunu, idarəetmə sistemini, hüquqi əsaslarını və gələcək inkişaf istiqamətlərini müəyyən edən başlıca sənəd onun Konstitusiyasıdır. Konstitusiya yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləyən hüquqi sənəd deyil, həm də xalqın iradəsini, milli dövlətçilik ənənələrini və cəmiyyətin əsas dəyərlərini özündə birləşdirən ali qanundur. Azərbaycan Respublikasında hər il noyabrın 12-də qeyd olunan Konstitusiya Günü də məhz bu baxımdan xüsusi tarixi və hüquqi əhəmiyyət daşıyır.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qarşısında yeni dövlətçilik sisteminin formalaşdırılması, müstəqil idarəetmə mexanizmlərinin yaradılması və hüquqi bazanın möhkəmləndirilməsi kimi mühüm vəzifələr dayanırdı. Müstəqilliyin ilk illərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət bu proseslərin həyata keçirilməsini daha da çətinləşdirirdi. Belə bir şəraitdə müstəqil dövlətin bütün hüquqi əsaslarını müəyyən edəcək yeni Konstitusiyanın hazırlanması zərurətə çevrilmişdi.
Bu istiqamətdə mühüm addım 1995-ci ildə atıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradıldı. Hazırlanmış layihə geniş ictimai müzakirəyə təqdim edildi və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olundu. Beləliklə, müstəqil Azərbaycanın ilk Konstitusiyası dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Həmin sənəd 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyanın qəbul edilməsinin milli dövlətçilik tarixindəki əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il noyabrın 1-də imzalanmış fərman əsasında noyabrın 12-si Konstitusiya Günü elan edildi.
Azərbaycan Respublikasının Konstitusiyası , beş bölmə, on iki fəsil və 158 maddədən ibarətdir. Bu sənəd dövlətin idarəetmə prinsiplərini, hakimiyyət qollarının səlahiyyətlərini, insan və vətəndaş hüquq və azadlıqlarını, eləcə də cəmiyyətin və dövlətin qarşılıqlı münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. Konstitusiyanın əsas prinsiplərindən biri xalq hakimiyyətidir. Bu prinsipə əsasən, dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Eyni zamanda, ölkəmiz demokratik, hüquqi, dünyəvi və unitar respublika kimi təsbit olunur.
Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan amilinə və vətəndaş hüquqlarına verdiyi xüsusi əhəmiyyətdir. İnsanların bərabərliyi, yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət, təhsil və digər fundamental hüquqları Əsas Qanunda öz əksini tapmışdır. Bu hüquqların tanınması ilə yanaşı, onların dövlət tərəfindən qorunması da hüquqi dövlət quruculuğunun vacib şərtidir. Çünki hüquqi dövlət yalnız qanunların mövcudluğu ilə deyil, həmin qanunların hər kəsə bərabər şəkildə tətbiq edilməsi və insan hüquqlarının real təminatı ilə xarakterizə olunur.
Konstitusiya dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə qollarına bölünməsi prinsipini də müəyyənləşdirir. Hakimiyyət bölgüsü dövlət idarəçiliyində səlahiyyətlərin düzgün müəyyənləşdirilməsinə, müxtəlif dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsinə xidmət edir. Bu sistemin mühüm tərkib hissələrindən biri də Konstitusiya Məhkəməsidir. Onun fəaliyyəti Konstitusiyanın aliliyinin təmin olunması və hüquqi normaların Əsas Qanuna uyğunluğunun qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, Konstitusiya dəyişməz və inkişaf prosesindən kənarda qalan sənəd deyil. Cəmiyyətin ehtiyacları, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və yeni ictimai münasibətlər hüquqi tənzimləmədə müəyyən yenilikləri zəruri edə bilər. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasına 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər ölkənin hüquqi sisteminin təkmilləşdirilməsi prosesinin mühüm mərhələlərini təşkil edir.
Konstitusiyanın əhəmiyyəti yalnız dövlət idarəçiliyi və hüquq sistemi ilə məhdudlaşmır. O, eyni zamanda milli suverenliyin, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün hüquqi təminatıdır. 2020-ci ildə Vətən müharibəsində əldə edilən Zəfər və 2023-cü ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması ölkənin müasir tarixində mühüm hadisələrdir. Bu proseslər Konstitusiyada təsbit olunmuş dövlət suverenliyi və ərazi bütövlüyünün qorunması prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxardı.
2025-ci il Azərbaycan Respublikasında Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü münasibətilə xüsusi əhəmiyyət kəsb edir. Həmçinin həmin il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Əsas Qanunun dövlətçilik tarixindəki rolunun, suverenliyin hüquqi mahiyyətinin və konstitusion dəyərlərin cəmiyyətdə daha geniş təbliğinə diqqəti artırmışdır. Konstitusiyanın otuzillik tarixi müstəqil Azərbaycanın hüquqi və institusional inkişaf yolunu nəzərdən keçirmək üçün də mühüm fürsət yaradır.
Nəticə etibarilə, 12 Noyabr – Konstitusiya Günü yalnız tarixi bir hadisənin ildönümü deyil, həm də dövlət müstəqilliyinin, hüququn aliliyinin, insan hüquq və azadlıqlarının və milli dövlətçilik dəyərlərinin əhəmiyyətini xatırladan gündür. Konstitusiyanın prinsiplərinə hörmətlə yanaşmaq, hüquq və vəzifələri bilmək, qanunlara riayət etmək hər bir vətəndaşın üzərinə düşən mühüm məsuliyyətdir. Çünki dövlətin hüquqi gücü yalnız onun qanunları ilə deyil, həmin qanunlara cəmiyyətin münasibəti və onların gündəlik həyatda tətbiqi ilə də müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi dayağı olmaqla yanaşı, gələcək nəsillər üçün də hüquqi və demokratik cəmiyyət quruculuğunun əsas istiqamətlərini müəyyən edən fundamental sənəddir.
Rafail Novruzov,
Azərbaycan İdman Akademiyasınin prorektoru, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri



