AnalitikaGündəmSiyasət

YAP-34 il uğurlu yol

1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycanın siyasi həyatına daxil olaraq ölkənin gələcək inkişafının təməlini qoydu. Bu partiyanın yaranması müstəqil Azərbaycanın ən çətin dövrünə təsadüf etdi. O vaxt hakimiyyət zəif, iqtisadiyyat iflic və ərazi bütövlüyü təhlükə altında idi. Dövlət idarəçiliyindəki xaos və siyasi parçalanma ölkəni böhrana sürükləyirdi. 1992-ci il oktyabrın 16-da 91 ziyalı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətini Ulu Öndər Heydər Əliyevə ünvanladı.

Bu müraciət Yeni Azərbaycan Partiyasının yaradılmasına zəmin yaratdı. Ulu Öndər müraciətə müsbət cavab verərək partiyanın təsis olunmasını təsdiqlədi. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis konfransında 500-dən çox nümayəndə iştirak etdi. Heydər Əliyev partiyanın sədri seçildi və ölkədə sabitliyin bərpası üçün əsas qoyuldu.

1993-cü ilin oktyabrında Heydər Əliyev Prezident seçilərək Azərbaycanın böhrandan çıxmasına rəhbərlik etdi. YAP yalnız siyasi təşkilat kimi deyil, həm də idarəetmədə məsuliyyət və peşəkarlığın mərkəzi oldu. Partiyanın ideoloji prinsipləri – vətənə sədaqət, dövlətçiliyə sadiqlik və milli həmrəylik – Azərbaycan siyasətinin əsasını təşkil etdi.

Ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü il dönümüdür. Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaranan Yeni Azərbaycan Partiyası özünü bütün mənalarda təsdiqləyərək, yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Azərbaycanın müstəqillik tarixində qazandığı hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz dəst-xətti, rolu vardır. Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günlərindən bütün xalqın partiyası oldu. Xalqımızın Heydər Əliyevə dərin inam və etimadı nəticəsində Yeni Azərbaycan Partiyası yarandıqdan sonra respublikanın bütün bölgələrində onun təşkilatlanması prosesi başladı, partiyanın sıraları sürətlə genişləndi. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq özünü Azərbaycana bağlı sayan hər kəs bu partiyada öz yerini gördü, onun düşüncələrinə, mövqeyinə göstərilən rəğbəti duydu.Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir.

2005-ci ilin martında İlham Əliyev partiyanın sədri seçilərək fəaliyyətə yeni nəfəs verdi. Bu gün Ulu Öndər Heydər Əliyevin ideyaları Yeni Azərbaycan Partiyasınin sədri Cənab Prezident İlham Əliyev tərəfindən daha müvəffəqiyyətlə həyata keçirilir. Hazırda Yeni Azərbaycan Partiyası öz liderinin siyasi islahat kursuna, irəli sürdüyü təşəbbüslərə və yeni dövrün çağırışlarına uyğun olaraq partiyanın vitrinini xeyli dərəcədə yeniləmiş, öz sıralarına çoxsaylı təşəbbüskar və fəal üzvlər, təşkilatı hakimiyyətdə və parlamentdə təmsil edə biləcək yeni-yeni intellektual kadrlar cəlb etmişdir. Bir sözlə, Yeni Azərbaycan Partiyası Ümummilli Liderin siyasi ənənələrinə söykənərək “daim yenilənmə, daim dəyişmə və daim inkişaf etmə” kursunu ardıcıl olaraq davam etdirmişdir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. Yeni Azərbaycan Partiyası bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq, Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verəcək.

Reyhan Tanırverdiyeva,
Nizami rayonu 312 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button