AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Vyetnam münasibətləri: dostluqdan strateji tərəfdaşlığa doğru

İki ölkə arasında dostluq münasibətlərinin təxminən 70 illik tarixə malik olması xüsusi diqqət çəkir. Bu əlaqələrin əsası 1959-cu ildə Vyetnam lideri Ho Şi Minin Bakıya səfəri ilə qoyulub. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri isə əməkdaşlığın genişlənməsində mühüm rol oynayıb. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması münasibətləri yeni mərhələyə yüksəldib.

İqtisadi əməkdaşlıq müsahibənin əsas istiqamətlərindən biridir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötürməsi mövcud potensialın göstəricisidir. SOCAR ilə Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi və mütəxəssis hazırlığı sahələrində birgə fəaliyyət üçün yeni imkanlar yaradır. Vyetnam şirkətlərinin Azərbaycanda tikinti, infrastruktur və bərpaolunan enerji layihələrinə marağı da investisiya əlaqələrinin inkişafına təkan verir.

Nəqliyyat və logistika sahəsi də xüsusi perspektivlərə malikdir. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olması bu istiqamətdə müsbət dinamikanı göstərir. Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşməsi Vyetnamın Avropa bazarlarına çıxışı üçün əlverişli imkanlar yaradır.

Müsahibədə humanitar və mədəni əlaqələrə də geniş yer ayrılıb. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və sosial layihələr, universitetlər arasında əməkdaşlıq, qarşılıqlı mədəniyyət tədbirləri xalqlarımız arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sovet dövründə təxminən 5 min vyetnamlının Azərbaycanda təhsil alması bu əlaqələrin dərin tarixi köklərə malik olduğunu göstərir.

Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan ilə Vyetnam arasında əməkdaşlığın çoxşaxəli inkişaf perspektivlərini bir daha gündəmə gətirdi. Qarşılıqlı hörmət, siyasi etimad və iqtisadi maraqlara əsaslanan münasibətlərin genişləndirilməsi hər iki ölkə üçün yeni imkanlar açır. Dövlət başçısının qarşıdakı Vyetnam səfərinə dair gözləntiləri də tərəfdaşlığın daha yüksək səviyyəyə çatdırılması və konkret birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.

Aynur Mehdiyeva,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button