
Azərbaycanın müasir siyasi tarixində elə günlər var ki, onların əhəmiyyəti təkcə müəyyən bir dövrü deyil, bütöv bir dövlətçilik mərhələsini xarakterizə edir. 15 İyun Milli Qurtuluş Günü məhz belə tarixlərdəndir. Bu gün yalnız hakimiyyət dəyişikliyi və ya siyasi hadisə kimi deyil, Azərbaycan dövlətçiliyinin qorunması, milli iradənin təcəssümü və müstəqil inkişaf modelinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır.
1993-cü ilin iyununda Azərbaycan ciddi geosiyasi təzyiqlərlə, daxili siyasi qarşıdurmalarla və dövlət idarəçiliyində yaranmış böhranla üz-üzə qalmışdı. Müstəqilliyini yenicə bərpa etmiş ölkənin gələcəyi sual altına düşmüş, dövlətçiliyin mövcudluğu belə təhlükə ilə qarşılaşmışdı. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkənin taleyində yeni bir mərhələnin əsasını qoydu.
Heydər Əliyevin qayıdışı sadəcə siyasi liderin hakimiyyətə gəlişi deyildi. Bu, Azərbaycan dövlətçiliyinin dağılmaq təhlükəsindən xilas edilməsi, milli maraqların xarici təsirlərdən qorunması və strateji inkişaf kursunun müəyyənləşdirilməsi demək idi. Məhz onun rəhbərliyi altında dövlət institutları möhkəmləndirildi, hüquqi-siyasi sabitlik təmin olundu və Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı.
15 İyun hadisələrinə bu günün prizmasından baxdıqda aydın görünür ki, həmin tarix müasir Azərbaycanın siyasi fəlsəfəsinin əsasını təşkil edir. Dövlət maraqlarının hər şeydən üstün tutulması, milli suverenliyin qorunması, güclü liderlik amili və müstəqil xarici siyasət xətti məhz o dövrdə formalaşan strateji baxışın nəticəsidir.
Bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionda söz sahibinə çevrilməsi, enerji və nəqliyyat diplomatiyasında qazandığı mövqelər, eləcə də dövlət suverenliyinin tam təmin olunması Heydər Əliyev siyasi irsinin müasir dövrdə uğurlu təzahürü kimi qiymətləndirilir.
Bu gün Azərbaycan artıq təkcə regional deyil, qlobal proseslərdə də iştirak edən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən güclü dövlətdir. Bu reallığın əsasında isə 15 İyunda verilmiş tarixi qərar və xalqın öz liderinə göstərdiyi etimad dayanır.
Milli Qurtuluş Günü Azərbaycan tarixində yalnız keçmişin xatirəsi deyil, həm də gələcəyə istiqamət verən siyasi məktəbdir. Bu tarix sübut edir ki, güclü dövlətçilik ənənələri, milli birlik və uzaqgörən liderlik bir xalqın taleyini dəyişməyə qadirdir. Azərbaycanın bugünkü uğurlarının ideoloji və siyasi təməli məhz 15 İyun 1993-cü ildə qoyulmuşdur və bu təməl ölkəmizin gələcək inkişaf yolunda da əsas dayaqlardan biri olaraq qalacaqdır
Səbinə Həsənova,
YAP-ın fəalı



