
15 İyun – Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış Milli Qurtuluş Günüdür. Bu tarix sadəcə təqvimdəki bir bayram günü deyil; o, Azərbaycan dövlətçiliyinin yox olmaq təhlükəsindən xilas edildiyi, xaos və anarxiyaya son qoyulduğu, müasir, sabit və güclü Azərbaycanın təməlinin qoyulduğu dönüş nöqtəsidir.
Bu tarixi günün əhəmiyyətini, onu şərtləndirən amilləri və Azərbaycanın bu gününə olan təsirlərini daha dərindən anlamaq üçün 1990-cı illərin əvvəllərinə nəzər salmaq lazımdır.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bəyan etsə də, suverenliyin ilk illəri ölkə üçün son dərəcə ağır və ağrılı keçdi. Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı ilə yanaşı, daxili siyasi vəziyyət də kritik həddə çatmışdı.
1993-cü ilin yaz və yay aylarında ölkədə vəziyyət daha gərgin idi,Gəncədə baş qaldıran hərbi qiyam ölkəni daxili qardaş qırğınının astanasına gətirmişdi. Dövlət idarəçilik mexanizmləri tamamilə iflic olmuşdu. Zavod və fabriklər dayanmış, inflyasiya astronomik hədlərə çatmış, xalq dərin sosial-iqtisadi böhran içində yaşayırdı. Azərbaycanın bir dövlət kimi mövcudluğu sual altında idi. Müxtəlif qüvvələr ölkəni etnik və regional xətlərlə parçalamağa çalışırdı.
Mövcud iqtidar idarəçiliyi itirdiyini dərk edərək, xalqın təkidli tələbi ilə o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan, zəngin dövlətçilik təcrübəsinə malik böyük siyasi xadim Heydər Əliyevi Bakıya dəvət etdi. Xalqın böyük ümid və inamla gözlədiyi Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu hadisə sadəcə vəzifə dəyişikliyi deyil, ölkənin geosiyasi taleyinin dəyişməsi demək idi.
Ali Sovetin iclasındakı tarixi çıxışında Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək strategiyasını elan etdi: “Azərbaycan Respublikasının müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının milli sərvətidir… və heç bir vəchlə, heç bir qüvvə tərəfindən bu müstəqillik yenidən itirilə bilməz. Bundan sonra hamımızın vəzifəsi bu müstəqilliyi göz bəbəyi kimi qorumaq, möhkəmləndirmək və yaşatmaqdır.”
Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə ilk növbədə, ölkəni bürüyən daxili çəkişmələrə, qanunsuz silahlı qruplaşmaların özbaşınalığına son qoyuldu. Qanunun aliliyi bərpa edildi, vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu və cəmiyyətdə sabaha olan inam bərpa olundu.
1994-cü ilin mayında Ermənistanla atəşkəs sazişi (Bişkek protokolu) imzalandı. Bu, Azərbaycan tərəfinə daxili islahatları aparmaq, nizami və güclü bir ordu formalaşdırmaq üçün lazımdı zamanı qazandırdı. Vaxtilə dağınıq olan könüllü dəstələr vahid komandanlığa tabe olan peşəkar ordu ilə əvəzləndi.
Siyasi sabitlik xarici investorların Azərbaycana inamını artırdı. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın nəhəng neft şirkətləri ilə “Əsrin Müqaviləsi” imzalandı. Bu müqavilə Azərbaycanın iqtisadi müstəqilliyinin rəmzinə çevrildi və gələcək inkişafın maliyyə təməlini qoydu.
Azərbaycan təcrid olunmuş vəziyyətdən çıxaraq dünya birliyinin aktiv və hörmətli üzvünə çevrilməyə başladı. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələri quruldu.
Milli Qurtuluş Gününün yaratdığı ən böyük reallıq dayanıqlı inkişaf modelidir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasi və iqtisadi xətt 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. İllər ərzində toplanmış iqtisadi güc, qurulan güclü ordu, həyata keçirilən düzgün xarici siyasət və xalq-iqtidar birliyi Azərbaycanı tarixi hədəfinə çatdırdı. 2020-ci ilin payızında qazanılan 44 günlük Vətən Müharibəsi Zəfəri və Şuşanın, Qarabağın işğaldan azad edilməsi məhz 15 İyun Qurtuluş Gününün doğurduğu məntiqi nəticədir. Müstəqilliyini qoruyan və möhkəmləndirən Azərbaycan, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək regional liderə çevrildi.
1997-ci ildən etibarən rəsmi dövlət bayramı kimi qeyd olunan 15 İyun Milli Qurtuluş Günü, sadəcə keçmişə ehtiram deyil, həm də gələcəyə inam günüdür. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, müstəqilliyi elan etmək nə qədər çətin idisə, onu qoruyub saxlamaq və yaşatmaq ondan qat-qat çətin və şərəfli bir missiyadır. 15 İyun məhz bu şərəfli missiyanın uğurla başlandığı gündür.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı



