
Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Onun siyasi fəaliyyətində gənclər siyasəti xüsusi yer tutmuş, bu sahə dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Heydər Əliyev gəncləri yalnız ölkənin gələcəyi deyil, eyni zamanda bu gününün də əsas hərəkətverici qüvvəsi hesab edir, onların intellektual, mənəvi və fiziki inkişafına böyük önəm verirdi. Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin əsas məqsədi vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı, müasir düşüncəli və yüksək ixtisaslı gənc nəslin formalaşdırılması idi. O, dəfələrlə vurğulamışdır ki, müstəqil Azərbaycanın gələcək taleyi məhz gənclərin əlindədir və dövlət gənclərə hərtərəfli qayğı göstərməlidir. Bu baxımdan gənclərin təhsili, sosial müdafiəsi, məşğulluğu və cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirakı onun diqqət mərkəzində olmuşdur.
Heydər Əliyevin rəhbərliyi dövründə gənclərin təhsil alması üçün geniş imkanlar yaradılmış, ali məktəblərin fəaliyyəti gücləndirilmiş, elm və təhsilin inkişafına xüsusi önəm verilmişdir. İstedadlı gənclərin aşkara çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə müxtəlif proqramlar həyata keçirilmişdir. Ulu Öndər gənclərin yalnız ölkə daxilində deyil, həm də xarici ölkələrdə təhsil alaraq beynəlxalq təcrübə qazanmasını vacib hesab edirdi. Bu siyasət nəticəsində müasir düşüncəli, dünyagörüşlü və peşəkar gənc kadrlar yetişmişdir. Gənclərin cəmiyyətin fəal üzvünə çevrilməsi üçün onların dövlət idarəçiliyində və ictimai həyatda iştirakına geniş imkanlar yaradılmışdır.
Heydər Əliyev gənclərə böyük etimad göstərərək onların məsul vəzifələrdə çalışmasına şərait yaratmış, bununla da gənclərin öz gücünə inamını artırmışdır. O, gənclərlə daim ünsiyyətdə olur, onların fikir və təkliflərini dinləyir, problemlərinə biganə qalmırdı. 1996-cı ildə keçirilən Azərbaycan Gənclərinin I Forumu ölkədə gənclər siyasətinin inkişafında mühüm mərhələ olmuşdur. Bu forum Ulu Öndərin gənclərlə birbaşa dialoqunun, onların problemlərinə diqqət və qayğısının bariz nümunəsi idi. Forumda səsləndirilən fikir və təkliflər gənclər siyasətinin daha da təkmilləşdirilməsinə şərait yaratmışdır. Məhz bu tarixi hadisənin davamı olaraq 2 Fevral tarixi Azərbaycan Gəncləri Günü kimi təsis edilmişdir.
Bu gün gənclərə göstərilən yüksək diqqət və etimadın rəmzi kimi qeyd olunur. Heydər Əliyev gənclərin təkcə bilikli deyil, eyni zamanda sağlam və fiziki cəhətdən inkişaf etmiş olmasını da vacib sayırdı. Buna görə də idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və gənclərin asudə vaxtının səmərəli təşkili dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Bu sahədə həyata keçirilən tədbirlər gənclərin sağlam ruhda böyüməsinə müsbət təsir göstərmişdir.
Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərin təhsilinin, məşğulluğunun və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət proqramları, beynəlxalq layihələr və təşəbbüslər Heydər Əliyev ideyalarının yaşadıldığını sübut edir. Azərbaycan gəncliyi bu gün beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, elm, idman, mədəniyyət və digər sahələrdə uğurlar qazanır. Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti müstəqil Azərbaycanın gələcəyinə hesablanmış strateji və uzaqgörən bir siyasət idi. Bu siyasət sayəsində Azərbaycan gəncliyi bu gün güclü dövlətin formalaşmasında fəal rol oynayır, milli-mənəvi dəyərlərə sadiq qalaraq ölkənin inkişafına öz töhfəsini verir. 2 Fevral – Azərbaycan Gəncləri Günü isə gənclərə olan bu etimadın və qayğının ən parlaq təcəssümüdür.
Məmmədova Nərmin,
Yeni Azərbaycan Partiyası,məsləhətçi



