AnalitikaGündəmOrdu

44 gün — bir millətin əyilməyən ruhunun, şəhidlərin qanı ilə yazılmış Qələbə dastanıdır

Tarixin yaddaşında elə günlər var ki, illər keçsə də, onun atəşi ürəklərdə sönməz, səsləri zamanın tozlu səhifələrindən yüksəlib gələcəyə doğru boylanar. Azərbaycanın müasir tarixində 8 Noyabr belə günlərdən biridir. Bu gün – Zəfər Günü, təkcə hərbi qələbənin deyil, xalqın inamının, birliyinin və milli ruhunun təntənəsidir.  Zəfər Günü bizə həm də borcumuzu xatırladır — bu torpaqları qorumaq, bu qələbəni əbədi yaşatmaq, şəhidlərimizin ruhu qarşısında baş əymək və onların qanı ilə suvarılmış torpaqlarda qurmaq, yaratmaq. Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi.

Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.

Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla Ermənistanın kapitulyasiyası rəsmiləşdi. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bu gün azad Şuşadan, azad Qarabağdan yüksələn hər bir səs, hər bir uşaq gülüşü, hər bir tikilən bina Zəfərin davamı, Qələbənin möhkəmlənməsi deməkdir. Bu gün Azərbaycan Ordusu Şuşanı azad etdi. Amma bu, təkcə bir şəhərin azadlığı deyildi.

Bu, Azərbaycanın qəlbinin döyünməsi, tarixin üzərində ədalətin zəfəri, şəhidlərin ruhuna sayğı, vətənin hər daşı üçün can verənlərin haqqının bərpası idi. Bu zəfər güclü ordunun gücü ilə deyil, xalqla birləşən iradənin, ədalətli mövqenin və milli ruhun gücü ilə qazanıldı. 44 gün — bir millətin əyilməyən ruhunun, şəhidlərin qanı ilə yazılmış Qələbə dastanıdır.Vətən müharibəsi – həm kədərin, həm qürurun, həm də dirçəlişin simvoludur.

Bədiyyə Sadıqova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button