AnalitikaGündəmOrdu

8 Noyabr – Qürurun, Qələbənin və Qayıdışın Günüdür

Azərbaycan xalqı XX əsrin sonlarında ağır bir sınaqla üz-üzə qaldı. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin 20 faizdən çox ərazisi – Dağlıq Qarabağ və ətraf rayonlar işğal olundu, yüz minlərlə azərbaycanlı doğma yurdlarından didərgin düşdü. Bu dövrdə dövlətimizin qarşısında duran ən mühüm və mütləq prioritet, heç şübhəsiz, torpaqların azad olunması və ərazi bütövlüyünün bərpası idi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı illərin ortalarından etibarən Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, ordunun qurulması, beynəlxalq əlaqələrin genişləndirilməsi və diplomatik mübarizə prioritet istiqamətlərə çevrildi. İşğal altında olan torpaqların azadlığı üçün yalnız hərbi deyil, həm də siyasi, iqtisadi və informasiya müstəvisində ardıcıl siyasət yürüdüldü. Dövlətimizin xarici siyasətində əsas xətt Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması və bu prinsipin qorunması idi.

Bu illərdə Azərbaycan beynəlxalq təşkilatlarda — BMT, ATƏT, Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatında fəal mövqe tutaraq, Ermənistanın təcavüzkar siyasətini ifşa etdi. Eyni zamanda, ölkə daxilində sabitlik və iqtisadi inkişafın təmin olunması da işğal dövründə əsas prioritetlərdən biri idi. Çünki güclü iqtisadiyyat və möhkəm dövlət strukturları olmadan milli hədəflərə çatmaq mümkün deyildi.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə bu prioritet strateji xətt kimi davam etdirildi. Ordunun modernləşdirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin gücləndirilməsi və milli həmrəyliyin qorunması nəticəsində ölkəmiz 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu Qələbə, illərlə aparılan uzaqgörən siyasətin və dövlətin mütləq prioritetinə sadiqliyin məntiqi nəticəsi idi.

Beləliklə, işğal dövründə Azərbaycan dövlətinin mütləq prioriteti — ərazi bütövlüyünün bərpası, milli suverenliyin qorunması və gələcək nəsillərə azad, güclü bir dövlətin ötürülməsi olmuşdur. Bu prioritet bu gün də ölkəmizin siyasi və mənəvi əsasını təşkil edir.

Mətanət Cəfərova ,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button